Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət kəsb edən günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib.
Məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.
Eyni zamanda, o dövrdə AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-?ü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu proses 1993-cü ilin iyun ayında özünün kulminasiya nöqtəsinə çatdı. Azərbaycanı bu təhlükəli vəziyyətdən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Parlamentinin sədri seçildi.
Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə milli dövlətçiliyimizi qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan bir dövlətə çevrildi. Bu səbəblərdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Əlbəttə, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji vəzifələri müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bugünədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir. Daha dəqiq desək, Qurtuluş məfkurəsi Azərbaycan dövləti və xalqını tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran iftixar mənbəyidir.
Beləliklə, bütün bunların qanunauyğun ifadəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev qısa bir zamanda ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Eyni zamanda, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi surətdə təkmilləşməsini təmin etmiş oldu.
O dövrdə dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edirdi. Ulu Öndərimizin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər artdı. Həmin dövrdə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusu qismində çıxış etməyə başladı.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bu isə milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor qismində çıxış etdi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli ?ider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı, Azərbaycanın ərazi bütövlüyünün tanınması beynəlxalq təşkilatların sənədlərində təsbit olundu. 44 günlük Vətən müharibəsində torpaqlarımzı işğaldan azad edərkən həmin sənədlər hüquqi baza rolunu oynadı.
Bütövlükdə, Heydər Əliyev dühasının bəhrəsi olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz və dönməz etdi. Bütün bu amilləri nəzərə alaraq 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun tarixini Milli Qurtuluş Günü elan olunması haqqında qərar qəbul edib.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. 2023-cü ilin sentyabrında isə bir günlük antiterror tədbirləri nəticəsində Qarabağ erməni separatçılarından tamamilə təmizləndi. Bu qələbələr tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan ən qüdrətli dövrünü yaşayır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlətimizin məqsədi Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirməkdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda bərpa işlərinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bütün bunlar isə Qurtuluş məfkurəsinin bəhrəsidir!
Sevinc Fətəliyeva,
Milli Məclisin deputatı