Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya çatdıran mesaj oldu. Türkiyə 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünə və haqlı mübarizəsinə göstərdiyi birmənalı mənəvi-siyasi dəstəklə qardaşlığını nümayiş etdirdi. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji resursuna malik ölkəsi olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükünü uğurla davam etdirir. Bu əməkdaşlığın əsasını Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, genişlənən enerji əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə isə İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə uzun illər blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi və sosial inkişafına da töhfə verir. Uzaqgörən siyasi yanaşmanın nəticəsi olan bu kəmər Naxçıvanın təbii qaz təminatında etibarlı alternativ rolunu oynayır və bir mənbədən asılılığın aradan qaldırılmasına şərait yaradır. İki ölkə arasında ticarət dövriyyəsi də ildən-ilə artır, qarşılıqlı sərmayə qoyuluşu genişlənir, birgə sənaye zonaları yaradılır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bu sənəd sülhə və təhlükəsizliyə yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər hər iki ölkənin beynəlxalq nüfuzunu artırır. Sənəd qardaş ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək səviyyəyə qaldırır.
Milli Məclisin deputatı bildirib ki, mədəni-humanitar sahələrdə birgə layihələr, qarşılıqlı incəsənət və təhsil proqramları, media platformalarında əməkdaşlıq xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da güclənməsinə şərait yaradır. Türk Dövlətləri Təşkilatının platformasında aparılan birgə təşəbbüslər isə ikitərəfli münasibətlərin çoxtərəfli formata keçməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə Laçından dünyaya çatdırılan Azərbaycan-Türkiyə-Pakistan bilriyi, həmrəyliyi də bunun bariz nümunəsidir. 28 May-Müstəqillik Günü Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi oldu. İki dost, qardaş ölkənin prezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Bundan öncə isə Azərbaycan və Türkiyə prezidentləri 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanlarının açılışında iştirak etmişdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü ilə bağlı Laçında təşkil edilən tədbirdəki çıxışında bir daha bildirdi: “Bəli, obamız, yuvamız və göz bəbəyimiz Azərbaycan ilə aramızdakı məhəbbəti, inşallah, gücləndirərək davam etdirəcəyik. Bu xoş gündə olduğu kimi, Allah göstərməsin, çətin günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq. Rəbbimdən Azərbaycan-Türkiyə qardaşlığını əbədi və daimi etməsini diləyirəm.”
Vüqar Rəhimzadə qeyd edib ki, iki ölkə arasında münasibətlər səmimi, qarşılıqlı və qardaşlıq əsaslıdır. Azərbaycan və Türkiyə bu gün yalnız strateji tərəfdaşlar deyil, həm də regional və qlobal miqyasda ortaq maraqları müdafiə edən, bir-birinə arxa duran müttəfiq dövlətlərdir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsində əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrimizin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirmələrindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrimizin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə əsasında Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşlar. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı qardaş ölkələrimizin hərbi qüdrətini artıracaq.
8Mənbələr
-
sabahinfo.azŞuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur ( 18256813)
-
qafqazinfo.az“Bu sənəd sülhə və təhlükəsizliyə yol açır” Vüqar Rəhimzadə ( 18237436)
-
demokrat.azVüqar Rəhimzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur ( 18233770)
-
baki-xeber.comVüqar Rəhimzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur ( 18232924)
-
qafqazinfo.az“Bu sənəd sülhə və təhlükəsizliyə yol açır” - Vüqar Rəhimzadə ( 18232846)
-
az.trend.azŞuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur - Vüqar Rəhimzadə ( 18232591)
-
olaylar.azVüqar Rəhimzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur ( 18231280)
-
ikisahil.azVüqar Rəhimzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur ( 18228664)