ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycan məktəblərində "Son zəng" çalındı.
Oxu.Az-ın əməkdaşı Bakıdakı 220 nömrəli məktəb-liseydən hazırladığı reportajla həmin unudulmaz anların ab-havasını təqdim edir.
Budur, məkandayıq - "Son zəng"i qeyd etmək üçün toplaşan məzun, müəllim və valideynlərin olduğu yerdə. Məktəbin həyətində "Son zəng" tədbirinin ab-havası təkcə bir bayramı deyil, illərin zəhmətinin, dostluqların, ayrılıqların və ümidlərin vəhdətini əks etdirir. Günəşli yay səhərində məktəbin həyəti gülərüz insanlar, bayraqlar və rəngarəng lentlərlə bəzənmiş bir bayram meydanını xatırladır. Burada hər baxışda duyğular canlanır. Valideynlər övladlarına qürurla baxır, müəllimlərin gözlərində həm sevgi, həm də bir az kövrəklik hiss olunur.

Məzunların balaca bacı və qardaşları da bu möhtəşəm günün şahididirlər. Onlar həyətin bir küncündə maraq və həyəcanla böyük bacı-qardaşlarına baxır, bir gün öz "Son zəng"lərinin xəyallarını qururlar.

Məzunlar səliqəli, göz oxşayan geyimlərdə səhnəyə çıxırlar. Məzun qızların saçlarındakı ağ lentlər təmizlik, saflıq və ümidin simvolu kimi parlayır. Gənclərin sinələrindəki məzun lentləri və əllərində qürurla tutduqları üçrəngli bayrağımız onların Vətənə olan sevgisinin, bu illər ərzində qazandıqları bilik və dəyərlərin ifadəsidir. Hər sinif gur alqışlarla qarşılanır. O alqışlarda valideynlərin fəxri, müəllimlərin illərlə verdiyi əziyyətin bəhrəsini görməyin sevinc dolu dincliyi və uşaqların ürəklərində coşan xoşbəxtlik var.

Dövlət Himni səslənir. Hər kəs sükut içində, əllər köksündə, başlar öndə, baxışlar uzaqlara dikilir. O an Vətən sevgisi hər qəlbdə bir daha alovlanır. Ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bu sükutda xalqın ağrısı, eyni zamanda, onun gücü, birliyi, şəhidlərə olan ehtiramı hiss olunur.

Səhnəyə çıxan məktəb direktoru qürurla səslənən səmimi nitqi ilə məzunlara xeyir-duasını verir:
"Bu gün həyatınızın yeni bir səhifəsi açılır. Addımlarınız uğurlu, yolunuz işıqlı olsun!"
Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli də məzunlara ürək sözlərini çatdırır, onların ailələrini və müəllimlərini təbrik edərək, bu günün əlamətdarlığını vurğulayır.

Tədbir məzunların təqdim etdiyi rəqs kompozisiyaları ilə davam edir. Bu rəqslər illərin dostluğunu, yoldaşlıq bağlarını, məktəb illərinin şirin xatirələrini ifadə edir. Valideynlər hər anı yaddaşlara həkk etmək üçün telefonlarını qaldırıb lentə alır, bəzilərinin gözlərindən sevinc dolu yaşlar axır. Müəllimlərin baxışlarında isə həm fəxarət, həm də ayrılığın hüznü sezilir.

Məktəb həyətinin bir küncündə ilk gənclik sevgisinin incə kövrəkliyi duyulur. Sevgili olan məzunlar bu günün unudulmaz xatirəsini ürəklərində əbədi həkk etmək üçün kənara çəkilib şəkil çəkdirirlər. Onların baxışlarında həm sevinc, həm də ayrılıq qorxusunun izi duyulur...
Nəhayət, həyəcanla gözlənilən o an çatır - "Son zəng" çalınır. Məktəb həyətindəki o səs illərin xatirələrini, yola salınan uşaqlığı, qarşıdakı naməlum yolları simvolizə edir. Daha sonra məzunlar əl-ələ tutub yallı gedirlər. Onların addımları və birliyinin ahəngi ətrafdakılara ilham verir, coşqu yaradır. Ardınca məzunlar, müəllimləri və valideynləri sevdikləri musiqilərin sədaları altında birlikdə rəqs edirlər. Həyəti şən əhval-ruhiyyə, gülüş səsləri bürüyür. O an məktəb həyəti təkcə bir təhsil ocağı deyil, illərin dostluqlarının, birgə xatirələrin, sevginin və birliyin beşiyi kimi görünür.

Bu gün burada "Son zəng" sədaları ilə təkcə məktəb həyatı deyil, bir dövr başa çatır. Eyni zamanda, yeni bir həyat yolunun ilk addımları atılır. Bu unudulmaz anlar həm məzunların, həm də valideyn və müəllimlərin qəlbində illərlə eyni istiliklə xatırlanacaq. Balaca bacı-qardaşların yaddaşında isə bu gün bir arzu kimi qalacaq - öz "Son zəng" lərinə doğru addımlayacaqları günün arzusu...
Aləmdə Nəsib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.