Yod bir çoxları üçün illərdir ənənəvi tibbi yardım vasitəsidir. Dəri zədələnmələrinin müalicəsində əsas antiseptik hesab olunan yod bu gün tibbi praktikada demək olar ki, istifadə edilmir. Bu da apteklərdə klassik yod məhlulunun çatışmazlığına səbəb olub.
Mövzu ilə bağlı Modern.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, yod antiseptik vasitə kimi əvvəlki dövrlərlə müqayisədə artıq geniş tətbiq edilmir:
“Hazırda yod əsasən tablet formasında - məsələn, “Yodomarin” və digər preparatlar şəklində mövcuddur. Antiseptik kimi istifadəsi isə xeyli məhdudlaşıb. Çünki yodun dəriyə yandırıcı təsiri var və açıq yaralara birbaşa tətbiqi tövsiyə edilmir”.
A.Qeybulla onu da vurğulayıb ki, məhz bu səbəbdən klinik praktikada povidon-yod əsaslı vasitələrə - məsələn, “Yosept”, “Betadin”, “Povidon” və s. üstünlük verilir:
“Bu preparatlar həm təsir dairəsi, həm də təhlükəsizlik baxımından klassik yod məhlulundan daha üstündür. Əvvəllər antiseptiklərin çeşidi məhdud olduğu üçün yoddan geniş istifadə edilirdi. Lakin müasir antiseptik vasitələri həm effektinə, həm də yan təsirlərin azlığına görə klassik yodu arxa plana keçirib. Üstəlik, adi yodla dəridə uzunmüddətli kompres və ya sarğı qoymaq olmaz. Bu yanıqlara və digər fəsadlara yol aça bilər. Povidon-yod əsasında hazırlanan antiseptiklər isə bu baxımdan daha təhlükəsizdir və uzun müddət istifadə üçün yararlıdır”.
Professor sonda bildirib ki, klassik yod məhlulu bu gün praktik tibbin aktual vasitəsi olmaqdan çıxıb və onu müasir, təhlükəsiz antiseptiklər əvəz edib.
Aytac Bəhruzqızı