AZ

Milli Qurtuluş Günü Azərbaycanın xilası, sabitliyi və gələcəyə doğru dönüş nöqtəsi ŞƏRH

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 iyun, AZƏRTAC

Tarix millətlərin yaddaşıdır. Bəzi tarixlər sadəcə bir təqvim günü olaraq qalır, bəziləri isə bütöv bir xalqın taleyində dönüş nöqtəsinə çevrilir. Azərbaycan xalqı üçün belə əlamətdar tarixlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün təkcə bir siyasi hadisənin ildönümü deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası, parçalanmaq təhlükəsi qarşısında olan bir xalqın yenidən bir araya gələrək sabitliyə və inkişafa doğru atdığı qətiyyətli addımın simvoludur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.

Deputat xatırladıb ki, 1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycan Respublikası da öz müstəqilliyini bərpa etdi. Lakin təəssüf ki, həmin dövrdə ölkədə hökm sürən siyasi təcrübəsizlik, liderlik böhranı və daxili çəkişmələr müstəqilliyin möhkəmləndirilməsinə imkan vermədi. Vətəndaşlar iqtisadi çətinliklər, ictimai təhlükəsizlik problemləri və siyasi sabitliyin olmaması səbəbilə ümidlərini itirirdilər. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı başlatdığı işğalçı müharibə nəticəsində torpaqlarımız ard-arda itirilir, xalq arasında ruh düşkünlüyü və dövlətə inamsızlıq artırdı. 1993-cü ilin iyununda isə Gəncədə baş verən qiyam ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycan parçalanmaq, dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

“Məhz belə bir kritik zamanda xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə dəvət olundu. 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə yazıldı.

Onun hakimiyyətə qayıdışı ilə ölkədə xaotik vəziyyətə son qoyuldu. Qısa müddətdə dövlət idarəetməsində sabitlik yaradıldı, daxili və xarici təhdidlərə qarşı mütəşəkkil tədbirlər görüldü. Azərbaycan xalqı öz dövlətinə və gələcəyinə inamla baxmağa başladı”, - deyə Jalə Əliyeva bildirib.

Deputat vurğulayıb ki, Heydər Əliyevin siyasi kursu ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirdi: “Onun həyata keçirdiyi islahatlar bir çox sahələrdə dərin izlər buraxdı:

Dövlət quruculuğu: Müstəqil dövlətin hüquqi əsaslarının yaradılması, Konstitusiyanın qəbul edilməsi (1995), demokratik institutların formalaşdırılması.

Sabitlik və təhlükəsizlik: Qeyri-qanuni silahlı dəstələrin ləğvi, ordu quruculuğunun gücləndirilməsi və vətəndaş həmrəyliyinin bərpası.

İqtisadi islahatlar: Neft strategiyasının əsasını qoyaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə xarici sərmayələrin ölkəyə axını başladı.

Beynəlxalq əlaqələr: Azərbaycan dünya birliyində tanınmağa başladı, BMT, ATƏT, İslam Konfransı Təşkilatı (indiki İslam Əməkdaşlıq Təşkilatı) və digər beynəlxalq qurumlarla əməkdaşlıq inkişaf etdi.

Milli həmrəylik və vətəndaş cəmiyyəti: Cəmiyyətin müxtəlif təbəqələri arasında birlik bərqərar edildi, milli və dini dözümlülük təşviq olundu.

Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci ildə qəbul etdiyi qərarla 15 İyun Milli Qurtuluş Günü kimi rəsmən elan olundu və hər il dövlət səviyyəsində qeyd olunur. Bu günü yalnız keçmişi xatırlamaq üçün deyil, həm də gələcəyə olan inamımızı ifadə etmək üçün qeyd edirik. Bu, xalqın öz taleyinə sahib çıxmasının və öz liderinə olan etimadının rəmzidir”.

Milli Məclisin komitə sədrinin müavini vurğulayıb ki, bu gün müstəqil Azərbaycan dövləti Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Qarabağın azad edilməsi də məhz 15 İyunun qoyduğu siyasi və ideoloji əsasların davamı idi. Bu gün həm də sübut edir ki, güclü liderlik, milli birlik və düzgün strateji kurs ölkəni ən çətin vəziyyətlərdən qurtarıb qalib millətə çevirə bilər.

“15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının öz milli iradəsi ilə seçdiyi yolun təntənəsidir. Bu gün təkcə bir siyasi hadisənin deyil, bütöv bir millətin ayağa qalxaraq öz müstəqilliyini, sabitliyini və gələcəyini qorumaq üçün atdığı tarixi addımın günüdür.

Heydər Əliyev dühası, xalqın birlik və əzmi bu günü tarixə qızıl hərflərlə yazdı. Biz 15 İyun gününü tariximizin şərəfli bir səhifəsi olmaqla bərabər, həm də gələcəyə olan inam, əminlik və birlik rəmzi kimi qeyd edirik. Təməlini Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından alan Azərbaycanın xilası, sabitliyi və gələcəyə doğru dönüş nöqtəsi olan Milli Qurtuluş günümüz mübarək!”, - deyə Jalə Əliyeva fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
azertag.az

2Mənbələr