AZ

Bir gecədə 25 ilik zəhmət “kül” OLDU – Mağazası yanan sahibkarlar ÇIXILMAZ DURUMDA - VİDEO

Xəbər verdiyimiz kimi dünən gecə Beyləqan bazarında dəhşətli yanğın baş verib. Yanğın bütün bazarı əhatə edib və nəticədə bazarın paltar satılan hissəsi tamamilə yanıb.

Bizim.Media-nın yerli bürosuna açıqlamasında mağaza sahibi Pərvanə Şahbazova yeganə gəlir yeri olan dükanının yanıb kül olmasından gileylənib:. O, deyib ki, gecədən bəri özlərinə gələ bilmirlər:

" Dünən gecə bazarda başlayan yanğında 30-35 min dəyərində malımız yanıb kül olub. Yoldaşım birinci Qarabağ müharibəsi iştirakçısı idi və uşaqlar körpə olan zaman müharibədə aldığı travmalardan tez dünyasını dəyişdi. İki yetim uşağı bu mağazadan gələn gəlir gücünə böyüdüb boya-başa çatdırmışam. Bir gecədə 25 illik əziyyətim kül oldu. Yeganə gəlir yerim mağazamız idi. Neçə banka borcum var. Dünən mağazaya 7-8 minlik paltar gətirmişdim satmağa... Bilsəydim başımıza bu iş gələcək, heç bu qədər yükün altına girməzdim
Hal-hazırda şok içindəyəm. Bu qədər yükün altından necə çıxacağımı bilmirəm. Gecədən dəfələrlə üstümə təcili yardım maşını gəlib”.

Pərvanə Şahbazova təkcə onun mağazası deyil, eyni zamanda yeznəsinin və qudasının da mağazalarının yanıb kül olduğunu deyib:

“Təəssüflər olsun ki, nə rayon rəhbərliyindən, nə də bazar rəhbərliyindən bizə yaxınlaşıb mənəvi dəstək olan tapıldı. Ümid edirik ki, bizə dəymiş ziyana görə kompensasiya ödəniləcək".

Ziyan dəymiş digər mağaza sahibi, Beyləqan rayon sakini Sadi Məhərrəmovun sözlərinə görə, sığorta şirkəti mağazanı 2 il sığorta etsə də daha sonra imtina edib:

"Mənim də bütün mallarım yanıb kül olub. Təxminən 30 minə yaxın mal vardı. Heç birini xilas edə bilmədik. 2019-cu ildə gəlib mağazanı sığortaladılar. Bu 2 il çəkdi. Sonra sığorta şirkəti imtina etdi"- deyə Sadi bəy şikayətlənib.

Qeyd edək ki, bazarın hansı səbəbdən yanması məlum deyil.






Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
18
bizim.media

1Mənbələr