AZ

Azərbaycanın daha iki cüdoçusu dünya çempionatında uğursuz oldu

BAKI, 14 iyun. TELEQRAF

Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını medalsız başa vurub.

Teleqraf xəbər verir ki, ikinci yarış günündə kişilərdən Ruslan Paşayev, qadınlardan isə Gültac Məmmədəliyeva mübarizəyə qoşulub.

Hər iki tatami ustası turnirə 1/32 final mərhələsindən başlayıb.

66 kq çəki dərəcəsində yarışan Paşayev ilk görüşündə braziliyalı Ronald Limanı üstələyib. O, 1/16 finalda İtaliya təmsilçisi Matteo Pirasdan güclü olsa da, növbəti mərhələdə yaponiyalı Takeşi Takeokaya məğlub olub.

52 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva isə ilk döyüşündə əslən rusiyalı olan Kipr təmsilçisi Sofiya Asvestaya uduzub.

Qeyd edək ki, dünya çempionatının ilk günündə Azərbaycanın 3 cüdoçusu - Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Əhməd Yusifov da (60 kq) uğursuzluğa düçar olublar.

Seçilən
67
teleqraf.com

1Mənbələr