AZ

Qaradağ rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

Qaradağ Rayon İcra Hakimiyyətində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirakçıları əvvəlcə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Sonra tədbir rayon icra hakimiyyətinin binasında davam edib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub: “Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün ölkəmizin regionun lider dövlətinə çevrilməsinin əsası Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasətin təzahürüdür”.

AMEA Neft-Kimya prosesləri institutunun direktoru, akademik Vaqif Abbasov isə qeyd edib ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb: ”Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Milli Məclisin deputatı Zaur Şükürov bildirib ki, məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır.

Onun sözlərinə görə, bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

Daha sonra mövzuya uyğun videoçarx nümayiş olunub.

Seçilən
50
50
azertag.az

10Mənbələr