Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Naxçıvan, 14 iyun, AZƏRTAC
Bu gün məzunlarımıza baxanda qürur hissi keçiririk. Onların təhsil nəticələri, məktəblərimizin adına qazandırdıqları uğurlar bizi fərəhləndirir. Muxtar respublika üzrə qəbul imtahanlarının nəticələrinə əsaslanan müxtəlif təhlillər göstərir ki, istər 200, istərsə də 250 bal və daha yuxarı nəticələrdə ötən illə müqayisədə 20-30 faiz artım müşahidə olunur. Bu isə keyfiyyət göstəricisi baxımından ciddi irəliləyişdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir qeyd edib ki, gələn il üçün əsas strategiya şagird nailiyyətlərinin inkişafı ilə bağlı olacaq. Artıq son iki il ərzində Təhsil Nazirliyi təsis etdiyi olimpiadaların nəticəsində istedad bankı formalaşdıra bilib. Ötən il formalaşdırılmış STEAM Mərkəzinin tərkibində olimpiada istiqamətində ayrıca bir mərkəzin yaradılması nəzərdə tutulur. Eyni zamanda, şagird nailiyyətlərinin artırılması üçün müəllim hazırlıqlarına da xüsusi diqqət ayırmaq ev tapşırığı olaraq müəyyən edilib. Müəllimlərə dəstək olmaq, onlara peşəkar istiqamətdə dayaq vermək əsas vəzifədir.
“Məktəbəqədər təhsil, məktəbdən sonrakı təhsil, məktəblərimizin infrastrukturunun yaxşılaşdırılması ilə bağlı qarşımızda çox ciddi öhdəliklər var. Növbəti illər üçün yeni məktəblərin açılışı nəzərdə tutulur. Artıq Hacıvar məktəbinin tikintisini sentyabr ayında tamamlayacağıq. Babək rayonunun Nehrəm qəsəbəsində yarımçıq qalmış məktəbin tamamlanması işləri davam edir. Qıvraq qəsəbəsində yeni məktəbin layihələndirilməsi işləri aparılır. Həmçinin Babək rayonunun Nehrəm qəsəbəsində yeni uşaq bağçasının layihələndirilməsi də həyata keçirilir”- deyə Elxan Nəcəfov əlavə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.