AZ

Son beş il ərzində Türkiyə ilə D 8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

İstanbul, 14 iyun, Günel Karatepe, AZƏRTAC

Türkiyə ilə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv ölkələr arasında 2020-2024-cü illər üzrə ticarət dövriyyəsi ümumilikdə 126,6 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, 2020-2024-cü illəri əhatə edən beş ildə bu ölkələrə ümumilikdə 60,7 milyard dollar dəyərində ixracat həyata keçirilib, həmin dövrdə bu ölkələrdən 65,9 milyard dollarlıq məhsul idxal olunub. Beləliklə, Türkiyə ilə təşkilat üzvü ölkələr arasında beş illik ümumi ticarət həcmi 126,6 milyard dollar olub.

Məlumata əsasən, Türkiyə bu dövrdə ən çox ixracatı Misirə edib. Beləliklə, 2020-2024-cü illərdə Türkiyə ilə Misir arasında ticarət həcmi 34,3 milyard dollar təşkil edib.

Bu ilin birinci rübündə Türkiyədən D8 ölkələrinə 4,1 milyard dollar dəyərində ixracat həyata keçirilib, bu ölkələrdən isə 5,4 milyard dollarlıq idxal reallaşıb. Beləliklə, dövr ərzində ümumi ticarət həcmi 9,5 milyard dollar olub.

Türkiyənin D8 ölkələri ilə müdafiə sənayesi, kənd təsərrüfatı, enerji kimi bir çox sahədə ortaq layihələri və əməkdaşlıqları mövcuddur.

Bu çərçivədə son günlərdə Türkiyə ilə İndoneziya arasında imzalanan razılaşma ilə, Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan 48 ədəd KAAN yerli döyüş təyyarəsinin bu ölkəyə ixracına yol açılıb. Razılaşmaya əsasən, İndoneziyanın yerli imkanlarının da istehsalda istifadə olunacağı gözlənilir.

Bundan əlavə, Türkiyə ilə İndoneziya arasında fövqəladə hallar və təbii fəlakətlərin idarə olunması sahəsində əməkdaşlıq üçün də niyyət protokolu imzalanıb.

Türkiyə, D8 üzvü Misirlə ötən il imzalanan 17 niyyət protokolu çərçivəsində əhəmiyyətli əməkdaşlıqları həyata keçirməyi planlaşdırır. Bu çərçivədə iki ölkə xüsusilə dəmir yolu və kənd təsərrüfatı sahələrində əməkdaşlığın artırılmasına, səhiyyə və enerji sahələrində ortaq işlərin inkişaf etdirilməsinə diqqətini cəlb edib.

Bundan əlavə, HAVELSAN ilə Misirdəki Ərəb Sənaye Təşkilatına bağlı olan Kadir Zavodu arasında bu ilin əvvəlində anlaşma imzalanıb. Razılaşmaya əsasən, Türkiyə tərəfinin texniki və lisenziya dəstəyi ilə zavodda pilotsuz quru nəqliyyat vasitələrinin istehsalı planlaşdırılır.

Türkiyənin Malayziya, Nigeriya və Pakistan kimi ölkələrdə tikinti sektorunun infrastruktur layihələrinə material və texnologiya dəstəyi də göstərilir.

Qeyd edək ki, Türkiyənin təşəbbüsü ilə 1997-ci il iyunun 15-də yaradılan D8, prinsipləri və əhatə etdiyi coğrafi məkanla qlobal bir quruma çevrilib. Türkiyənin yanaşı Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistanla birlikdə, ötən il Misirin paytaxtı Qahirədə keçirilən 11-ci Zirvə Toplantısında üzv kimi qəbul edilən Azərbaycan da bu təşkilatda təmsil olunur. Beləliklə, təşkilatın 9 üzv dövləti var.

Tarixi və mədəni bağlara sahib olan bu ölkələrin iqtisadi əməkdaşlığını artırmağı qarşısına məqsəd qoyan təşkilat, ticarətdən sənayeyə, texnologiyadan nəqliyyata qədər bir çox sahədə yeni imkanlar yaratmaq üçün fəaliyyətini davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr