AZ

“Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə musiqişünas-alim Tahirə Kərimovanın “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndəsi, zurna, balaban, tütək kimi nəfəs alətlərinin mahir ifaçısı, 70-dən çox rəqs havasının müəllifi Əli Zülfüqar oğlu Kərimova (Kalvalı Əli Dədə) həsr olunub.

Bu barədə AZƏRTAC-a AMEA Folklor İnstitutundan məlumat verilib.

İnstitutunun direktoru dosent Hikmət Quliyev kitabın elmi, mədəni və simvolik əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, aşıq yaradıcılığını və ümumilikdə xalq sənətini aşıqlıq ənənəsindən, ustad-şagird münasibətlərindən, mərasim folkloru, layla, ağı, bayatı kimi janrlardan ayırmaq mümkün deyil. Amerika folklorşünası Alan Dandesin təbirincə desək, xalqı bilikdən, biliyi xalqdan ayırmaq nə qədər çətindirsə, musiqini də həmin kontekstdən kənarda təsəvvür etmək bir o qədər mümkünsüzdür. Xalq mahnıları, rəqsləri, təbabəti və memarlığı da folklorşünaslığın tədqiqat obyektinə çevrilir. Çünki bu biliklər fərdi yox, kollektiv yaddaşa əsaslanır, ənənəvidir və variantlıdır.

Hikmət Quliyev vurğulayıb ki, təqdim edilən kitab təkcə musiqişünasların deyil, folklorşünasların da maraq dairəsindədir. “Biz bir nəfəsin, bir musiqi dalğasının, xalqın kollektiv yaddaşına hopmuş akustik kodların yenidən səsləndiyi mərasimin içindəyik. Monoqrafiya sənətkarın həyat və yaradıcılığını yalnız fərdi planda deyil, daha geniş – mədəni ekosistem, ifaçılıq məktəbləri və sosial kontekstlər daxilində tədqiq edir. Əsər musiqişünaslıqla yanaşı, folklorşünaslıq və kulturoloji yanaşmalarla da zənginləşdirilib”, – deyə alim bildirib.

Kalvalı Əli Dədənin yalnız virtuoz sənətkar deyil, həm də Azərbaycan nəfəsli musiqisinin mifik yaddaş qatlarında yaşayan arxetiplərdən biri olduğunu vurğulayan alim qeyd edib ki, onun ifasında zurna və balaban xalqın emosional ritmini, estetik duyumunu və mərasim yaddaşını daşıyan akustik simvollara çevrilir. “Əgər bu musiqi nümunələrini akustik kardioqram kimi oxusaq, orada türk ruhunu, şamanlıq kodlarını, söz-səs-hərəkət vəhdətini aydın şəkildə hiss edə bilərik”, – deyə Hikmət Quliyev əlavə edib.

Seçilən
15
1
azertag.az

2Mənbələr