AZ

Dünya Bankı Azərbaycana yeni vergi növü təklif edir...


Xalid Kərimli: “Karbon vergisinin tətbiqi onların xərclərini artıracaq və məhsulun maya dəyərinin daha düzgün formalaşmasına gətirib çıxaracaq”

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiq olunmasını təklif edib. Bunu Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində “Karbon Qiymətqoyması və Beynəlxalq Karbon Bazarları” mövzusunda keçirilən seminarda Dünya Bankının Azərbaycandakı heyət rəhbəri Yasemin Oruc bildirib. O, ölkədə karbon qiymətqoyma siyasətinə keçidlə bağlı tövsiyələrini açıqlayıb. Yasemin Orucun sözlərinə görə, əgər Azərbaycan hökuməti karbon qiymətqoyma alətlərini tətbiq etmək qərarına gəlsə, bu proses karbon tərkibli yanacaq növlərinə görə tətbiq edilən karbon vergisi ilə başlanmalıdır.

Xatırladaq ki, hazırda Avropa İttifaqı ölkələri, İsveçrə, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr öz daxili bazarlarında karbon vergisi tətbiq edir. Məlumat üçün bildirək ki, karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmasını hədəfləyən və istehsal prosesində meydana çıxan karbon dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. Bu təcrübə ətraf mühitə vurulan zərərin dəyərini əks etdirmək və ekoloji cəhətdən təmiz istehsal və istehlak vərdişlərini təşviq etmək üçün edilir. Müəssisə istehsal gücünə və ya emissiya göstəricilərinə görə vergiyə cəlb edilir. Sərhəddə karbon vergisi isə idxal məhsullarına onların karbon tərkibinə və ya istehsal prosesində emissiyalarına görə vergi qoyulmasını təmin edir. Azərbaycanda karbon vergisi tətbiq oluna bilər?

“… təbiətə zərər vuran zavod və fabriklərin öz xərclərini düzgün müəyyənləşdirmələrinə gətirib çıxaracaq”

qtisadçı-ekspert Xalid Kərimli baki-xeber.com-a açıqlamasında bildirdi ki, karbon vergisi inkişaf etmiş ölkələrdə geniş yayılıb: “Karbon vergisinin tətbiqi təbiətə zərər vuran zavod və fabriklərin öz xərclərini düzgün müəyyənləşdirmələrinə gətirib çıxaracaq. Bu da məhsulların maya dəyərinə təsir göstərəcək. Bəzi fəaliyyətlər var ki, xarici müsbət effektləri var. Karbon vergisinin tətbiqi onların xərclərini artıracaq və məhsulun maya dəyərinin daha düzgün formalaşmasına gətirib çıxaracaq. Nəticədə həmin məhsulların qiyməti artacaq, vətəndaşların da tələbatı buna uyğun formalaşacaq. Məlumdur ki, bir şey ucuz olduqda, ona tələbat yüksək olur. Onu bahalaşdırmaqla həmin məhsula olan tələbat da tənzimlənəcək. Odur ki, kim bu siyahıya düşəcəksə, onların xərcləri artmış olacaq. Xərcləri artdıqda, bu, məhsulun maya dəyərini də artıracaq və onların rəqabət qabiliyyəti aşağı düşmüş olacaq. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə karbon vergisi geniş tətbiq edilir. Bu, əsaslandırılmış normal praktikadır. Ancaq bizdə güclü sənaye yoxdur. Onsuz da sənayemiz zəifdir. Belə olan halda karbon vergisinin tətbiqi onların xərclərini daha da artıracaq”.

Günel CƏLİLOVA

Seçilən
29
baki-xeber.com

1Mənbələr