AZ

AZAL bəzi istiqamətlərə uçuşları artırır

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.

Bu barədə AZAL-dan bildirilib.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.

Bakı-İstanbul-Bakı marşrutu üzrə əlavə reyslər 26 və 29 iyunda yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.

Bundan əlavə, AZAL 2 iyuldan etibarən Mərkəzi Asiya ölkələrinə uçuş proqramını genişləndirir. Daşkənd istiqamətinə əlavə reyslər çərşənbə axşamları, Almatıya çərşənbə günləri, Astanaya isə cümə axşamları yerinə yetiriləcək. Hər bir istiqamət üzrə həftədə 6 reys planlaşdırılıb.

AZAL sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edib. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün www.azal.az rəsmi saytına, aviaşirkətin mobil tətbiqinə və akkreditə olunmuş agentliklərə müraciət etmək olar.

"Cebheinfo.az"

Seçilən
26
43
cebheinfo.az

10Mənbələr