İranın vurulması əslində Trampın gedişi idi. Bu günə qədər İsrailin İrana qarşı hərbi müdaxiləsinin qarşısını alan Vaşinqton bu dəfə Netanyahu üçün “yaşıl işıq” yandırdı. Bir neçə gün əvvəl Tramp və Netanyahunun telefon danışığından sonra ABŞ prezidentinin eyhamlı açıqlamaları, ardınca ABŞ və İsrail mediasının hücum hazırlığı xəbərləri və ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin Yaxın Şərqdəki personalı “təhlükənin artması” səbəbi ilə bölgədən çıxarmaq qərarı elan etməsi toqquşmaya işarə idi.
Lakin iranlılar da daxil olmaqla hər kəs düşünürdü ki, Omanda iyunun 15-də keçiriləcək İran–ABŞ danışıqları öncəsi zərbə olmaz. Olsa, ən yaxşı halda danışıqlar pozulacağı təqdirdə olar. İsrail baş naziri də danışıqlar pozulacağı təqdirdə İsrailin İranın nüvə obyektlərini vuracağını bildirmişdi.
Amma gözlənilmədən hər şey tərsinə oldu: İsrail Oman danışıqlarına iki gün qalmış gözlənilmədən İrana zərbə endirdi. Bu gözlənilməzlik əslində başa düşüləndir, çünki İsrailin İrana zərbəsinin əsas gücü ilk gündəki diversiya əməliyyatında idi. Diversiya əməliyyatı gözlənilməz olduğu üçün ciddi itkilərə səbəb oldu, İran ordusunun nüfuzlu generalları və nüvə alimləri öldürüldü.
Bəs ABŞ prezidenti niyə Oman danışıqları öncəsi İsrailə İrana hücum icazəsi verdi? Halbuki bu danışıqlar ABŞ üçün vacib idi.
Məsələ ondadır ki, Oman danışıqlarında hər hansı nəticə gözlənilmirdi. Srağagün ABŞ prezidenti jurnalistlərə bildirdi ki, artıq nüvə danışıqlarının müsbət nəticə verəcəyinə ümidi azalıb.
Eyni gün İran ali dini lideri və ardınca prezident Pezeşkian bildirdi ki, onlar ABŞ-ın təzyiqinə boyun əyib uran zənginləşdirilməsi proqramını dayandırmayacaqlar. Yenə həmin gün MAQATE Direktorlar Şurası İran əleyhinə qətnamə qəbul etdi.
Yəni bir tərəfdə 408 kiloqram 60 faiz saflaşdırılmış urana sahib və güclü nüvə fəaliyyətləri olan İran var. Digər tərəfdə isə İranın ümumiyyətlə nüvə fəaliyyətlərini dayandırmağı tələb edən ABŞ.
Əslində burada da müəyyən mənada Trampın “xidmətləri” olub. 2018-ci ildə İran və “altılıq” ölkələri ilə nüvə sazişindən çıxmaqla prezident Tramp faktiki olaraq bugünkü vəziyyətin yaranmasına, yəni İranın uran zənginləşdirilməsini əvvəlcə 20, sonra isə 60 faizə qədər yüksəltməsinə səbəb oldu.
Belə bir şəraitdə, yəni əlində faktiki olaraq İrana qarşı hər hansı təsir mexanizmi qalmayan ABŞ prezidenti təhlükəli addım ataraq İsrailin İrana zərbə endirməsinə “yaşıl işıq” yandırdı. Mümkündür ki, İsrail baş naziri ABŞ prezidentini inandırıb ki, İsrail ordusu və kəşfiyyatı qısa müddət ərzində İranın nüvə fəaliyyətini və ordusunu sıradan çıxaracaq. Bununla da Tramp faktiki olaraq “cinin şüşədən çıxmasına” səbəb olub.
Bu əməliyyat baş nazir Netanyahu üçün çox güclü bir siyasi dəstək oldu. Ancaq bu əməliyyatın qısa müddətdə nəticə verməsi və Netanyahunun elan etdiyi hədəfinə çatması şübhəlidir. Çünki birincisi, İranın ərazisi həddən artıq böyükdür, nəhəng hərbi kompleksə və orduya sahibdir. 365 kv.km Qəzza zolağını 20 aydır ələ keçirə bilməyən İsrail ordusunun iki həftəyə İranı dizə gətirəcəyi iddiası şübhəlidir.
İkincisi, xaricdən təzyiqin daxildə bölünməyə və üsyana səbəb olacağı ehtimalı inandırıcı deyil. Əksinə, imperiya ənənələri olan dövlətlərdə olduğu kimi, İranda da xarici təhdid daxildə hökumətlərin əlini gücləndirir. Bunu dünən Tehran və digər şəhərlərdəki aksiyalar sübut etdi. Unutmaq olmaz ki, İsrail 100 ilə yaxındır ki, müsəlman aləmində mütləq şər kimi tanınır və müharibə ideoloji-təbliğat olaraq İranın hazırkı hakimiyyətinə reytinq gətirir.
Lakin bir fakt var ki, bu qarşıdurma hər iki tərəfə ağır zərər vurur və belə görünür ki, vurmağa davam edəcək. Bombardmanların intensivliyi onu deməyə əsas verir ki, bu əməliyyat uzun zaman davam etməyəcək, ancaq həm İran, həm də İsrail ciddi dağıntı və itkiyə məruz qalacaq.
Nüvə danışıqları isə artıq pozulmuş sayılır. Dünən İran dini lideri, bu gün isə Xarici İşlər Nazirliyi bəyan etdi ki, iyunun 15-də keçirilməsi nəzərdə tutulan Oman danışıqları olmayacaq.
Nəticə etibarilə yaşadığımız region amansız hərbi münaqişəyə səhnə olub. Nəticəsindən asılı olmayaraq bu müharibənin sonunda Yaxın Şərq ciddi hərbi-siyasi dəyişikliklər yaşayacaq.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün