AZ

Neymar “İlahi əl”i təkrarlamaq istədi və “qırmızı” aldı!

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İyunun 1-dən 2-nə keçən gecə Braziliya A seriyasının 11-ci turu çərçivəsində “Santos” “Botafoqo”nu qəbul etdi və 0:1 hesabıyla uduzdu. "Football-plus.az" xəbər verir ki, meydan sahiblərinin əsas ulduzu Neymar bu oyunda da diqqət mərkəzinə düşdü. O, əllə qol vurmaq cəhdinə görə qırmızı vərəqə aldı, ardından üzr istəməli oldu.Həmin epizodun videoyazısına baxanlar çox maraqlı mənzərə görə bilər. Deməli, 76-cı dəqiqədə top sol cinahdan rəqibin cərimə meydançasına ötürülür. Qapıçının qaytardığı topa hücumun sivri ucunda qərarlaşan Neymar yiyələnir, dizi ilə rahatlayır, başı səviyyəsinə qaldırır və özünü yetirən müdafiəçinin müqavimətinə rəğmən, topu əllə qapıya göndərir. Oyunu idarə edən Davison de Oliveyra dərhal qolu ləğv etdi, Neymara 2-ci sarı vərəqəni göstərdi ki, bu da avtomatik “qırmızı”ya çevrildi. Ulduz hücumçu peşəkar karyerasında 15-ci, “Santos”a dönəndən bəri isə ilk dəfə meydandan qovuldu. Bu epizod dərhal Dieqo Maradonanın 1986-cı ildə keçirilən dünya çempionatının 1/4 finalında vurduğu qolla assosiasiya olundu. Onda argentinalı əfsanə İngiltərə yığmasının qapısına əllə qol vurmuş, epizod futbol tarixinə “İlahi əl” kimi düşmüşdü. Həmin hadisədən fərqli bu oyunda VAR sistemi çalışırdı, təbii ki, Neymarın hoqqabazlığı gözdən qaça bilməzdi.Ulduz hücumçunun qovulması oyunda dönüş anı oldu. Artıq 86-cı dəqiqədə “Botafoqo” say üstünlüyündən yararlandı: Jairin ötürməsini qolla tamamlayan Artur komandasına vacib səfər qələbəsi qazandırdı. Bu nəticə Rio de Janeyrodan olan komandaya A seriyasının turnir cədvəlində 15 xalla 9-cu pilləyə yüksəltmək imkanı qazandırdı, hesabında cəmi 8 xal olan “Santos” isə təhlükəli zonada qaldı.Oyun bitəndən sonra Neymar sosial şəbəkə hesablarında “Santos” azarkeşlərindən üzr istədi:

“Qol vurmaq arzusu bəzən bizi səhv etməyə məcbur edir... Komanda yoldaşlarım, həmçinin azarkeşlər qarşısında üzr istəyirəm. Səhvə yol verdim, məni bağışlayın. Bu gün məni meydandan qovmasaydılar, əminəm ki, 3 xal qazanacaqdıq... Bu üç xalı mənim hesabıma yazın”.

Olimpiya çempionu hakimlikdən şikayətlənməyi də unutmayıb. Neymarın fikrincə, referi ona ilk “sarı”nı göstərməməliymiş:

“İkinci sarı vərəqəni göstərməliydi, ancaq birincini... Hakim, sadəcə, gülür. Qaydanı pozan kimi sarı vərəqə ilə cəzalanıram. Pis hakimlər var... Bu, yalnız, mənim fikrimdi, lütfən, məni növbəti dəfə cəzalandırmayın”.

Bu məğlubiyyət mürəkkəb mövsümdə “Santos” üçün növbəti zərbə oldu. Neymarın dönüşünə baxmayaraq, bu komanda 11 oyundan sonra cəmi iki qələbə ilə elit divizionu tərk etmək təhlükəsi yaşayır. Məşhur hücumçu isə A seriyasının cari mövsümündə keçirdiyi 4 oyunda heç bir məhsuldar hərəkətlə yadda qalmayıb. Neymar vətənə dönəndən sonra artıq ikinci dəfə qalmaqalın mərkəzində olur: “Fluminense” ilə apreldəki oyunda da rəqibin üzünə zərbə vurduğuna görə sarı vərəqə almışdı.Forvardın diskvalifikasiya olunacağını və klublarası dünya çempionatı ərəfəsində A seriyasında 1 aylıq fasilə yaranacağını nəzərə alsaq, “Botafoqo” ilə oyun onun üçün “Santos”un heyətində Braziliya meydanlarında sonuncu ola bilər. Neymar 10 illik fasilədən sonra “Santos”un heyətinə dönüb, ancaq onun müqaviləsinin müddəti iyunun 30-na qədərdi. Müddətin uzadılması isə sual altındadı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
2
icma.az

3Mənbələr