Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var.
APA-nın məlumatına görə, hadisə iyunun 14-də saat 18 radələrində Şəki şəhərinin Bağbanlar küçəsində qeydə alınıb. Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü İlqar Vahid oğlu Hacıyevin idarə etdiyi “ZİL” markalı yük avtomobili idarəetməni itirərək aşıb.
Qəza zamanı avtomobilin kabinəsində olan sərnişin - 1968-ci il təvəllüdlü Rizvan Fikrət oğlu Cəlilov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb. Digər sərnişin, 1967-ci il təvəllüdlü Qüdrət Nemət oğlu Alxasov isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Hadisə zamanı hər iki sərnişin kabinədə sıxılmış vəziyyətdə qaldığından, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon hissəsinin xilasediciləri cəlb olunub. Onların müdaxiləsi nəticəsində Rizvan Cəlilovun meyiti və yaralı Qüdrət Alxasov avtomobildən çıxarılaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadasına təhvil verilib.
Qəza nəticəsində sürücü İlqar Hacıyev də müxtəlif dərəcəli xəsarətlər alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.