AZ

Bərpa olunan enerji mənbələrinin ümumi gücü artır

“AzərEnerji” ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev mediaya müsahibəsində respublikada həyata keçirilən tədbirlər nəticəsində karbon emissiyasını azaltmaq məqsədilə bərpa olunan enerji mənbələri üzrə layihələrin istehsal gücünün artdığını qeyd edib. O, Azərbaycanın qlobal iqlim dəyişikliyinin təsirlərini azaltmaq məqsədilə “yaşıl” enerji transformasiyasının intensiv şəkildə davam etdirdiyini də bildirib.

Y.Qarayevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə ümumi gücü 270 MVt olan bir sıra kiçik su elektrik stansiyaları istismara verilib. Hazırda tikintisi davam edən və növbəti illərdə şəbəkəyə qoşulacaq bir sıra mühüm layihələr də mövcuddur. “ACWA Power” şirkətinin həyata keçirdiyi 240 MVt gücündə külək elektrik stansiyası cari ilin birinci yarısında istismara veriləcək. “Masdar” şirkəti tərəfindən həyata keçirilən meqa layihə çərçivəsində ümumi gücü 1 QVt olan 2 günəş və 1 külək elektrik stansiyaları 2026-cı ilin birinci yarısından etibarən şəbəkəyə qoşulacaq.

“AzərEnerji” rəsmisi daha sonra qeyd edib ki, “Enerso Cəbrayıl” MMC və “Clean Energy Cəbrayıl” MMC tərəfindən inşa ediləcək 50+50 MVt-lıq günəş elektrik stansiyalarının 2027-ci ildə şəbəkəyə qoşulması planlaşdırılır. Bərpa olunan enerji mənbələri üzrə hərrac layihəsi çərçivəsində 100 MVt gücündə günəş elektrik stansiyasının 2026-cı ildə şəbəkəyə qoşulması nəzərdə tutulur. Çin şirkəti “China Gezhouba” tərəfindən Füzuli rayonunda inşa ediləcək 160 MVt-lıq günəş elektrik stansiyasının 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik su elektrik stansiyalarının ümumi gücünün 471 MVt-a qədər artırılması gözlənilir.

XQ

Seçilən
37
1
xalqqazeti.az

2Mənbələr