AZ

Qayıdış Qurtuluş çağırışı, Zamanın hökmü idi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan xalqı üçün 15 İyun Milli Qurtuluş Günü təkcə bir təqvim bayramı deyil, həm də bərpa edilmiş dövlətçiliyin qorunub saxlandığı, xalqın ümidlərinin göyərdiyi, gələcəyə olan ümummilli inamın bərpa olunduğu bir gündür. 1993-cü ilin həmin günündə ümummilli lider Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıtması müasir Azərbaycan dövlətçiliyinin xilas edildiyi, siyasi xaosdan sabitliyə, vətəndaş qarşıdurmasından milli birliyə doğru taleyüklü bir başlanğıc olmuşdur.

Çağdaş siyasi tariximizə, milli dövlət bayramları təqviminə Milli Qurtuluş Günü kimi daxil olmuş həmin tarixin 32-ci ildönümündə bütün bunlar barədə Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini, görkəmli filosof alim, Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmovla həmsöhbət olduq. Müsahibimiz o fəlakətli günlərdə ümummilli lider Heydər Əliyevin xalqımızın başı üstünü almış qara buludları Günəş kimi necə parçalayıb, əmin-amanlıq yaratdığını belə xatırladı:

– 1990-cı illərin əvvəllərində Azərbaycan böyük sınaqlarla üz-üzə idi. Sovet İttifaqının süqutundan sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycan daxili çəkişmələr, hakimiyyət böhranı, iqtisadi tənəzzül və xarici təhdidlər içində çabalayırdı. Qarabağ müharibəsi dərinləşmiş, ölkədə anarxiya və qeyri-sabitlik hökm sürürdü. Bu dönəmdə dövlətin mövcudluğu belə sual altına düşmüşdü.

Məhz belə çətin bir şəraitdə xalqın təkidli tələbi ilə böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu və o, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Sonrakı illərdə xalqın arzusu ilə həmin gün çağdaş tariximizdə Milli Qurtuluş Günü kimi əbədiləşdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olunmağa başladı, siyasi hakimiyyət böhranı aradan qaldırıldı. Vətəndaş qarşıdurmasının qarşısı alındı və dövlət idarəçiliyi sistemli, müdrik bir strategiya ilə inkişaf yoluna qədəm qoydu.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə tanınması, enerji strategiyasının müəyyənləşdirilməsi və Azərbaycanın geosiyasi mövqeyinin gücləndirilməsi bu tarixi xilaskarlığın nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə regionda deyil, dünya miqyasında mühüm tərəfdaş ölkəyə çevrildi.

Milli Qurtuluş Günü həm də xalqla lider arasında yaranan güclü birliyin təcəssümüdür. Heydər Əliyev hər zaman xalqa arxalanırdı, xalq isə ona güvənirdi. Bu qarşılıqlı inam və birlik Azərbaycanı çətinliklərdən çıxararaq inkişaf yoluna yönəltdi. Bu gün də 15 İyun gerçəyi bizə göstərir ki, milli birlik, sabitlik və güclü liderlik xalqın taleyində nə qədər mühüm rol oynayır. Bu tarix həm də Vətənə sevgi, dövlətə sədaqət dərsidir və sübut erdir ki, xalqın iradəsi ilə hər bir çətinliyi aşmaq mümkündür.

– Qısaca belə demək olar: XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan o günlərdə bu xoşbəxtliyi itirə bilərdi. Ümummilli lider bu təhlükəni dərin zəkası, möhkəm iradəsi və xalqı səfərbər etməsi ilə sovuşdurdu, etibarlı gələcəyə yol açdı.

– Bəli, 1993-cü ilin iyun ayında xalqla iqtidar arasında yaranmış dərin uçurum nəticəsində vəziyyət tamamilə nəzarətdən çıxmışdı. Həmin dövrdə baş verən proseslər vətəndaş müharibəsi təhlükəsini real müstəviyə daşıdı və ölkənin həm siyasi sabitliyini, həm də coğrafi bütövlüyünü ciddi şəkildə təhdid etmişdi. Xaos və anarxiya Azərbaycan Respublikasının müxtəlif bölgələrinə yayılmış, qanunsuz silahlı dəstələr və yerli komandirlər mərkəzi hakimiyyətin göstərişlərinə tabe olmaqdan imtina etmişdilər.

1991-ci ildən başlayan və 1993-cü ilə qədər davam edən bu mərhələnin ilk illərində ölkəyə rəhbərlik edən şəxslər dövlət idarəçiliyi təcrübəsindən uzaq, siyasi baxışları qeyri-müəyyən və qərarsız insanlar idi. Onlar nəinki ölkədəki mürəkkəb geosiyasi vəziyyəti düzgün qiymətləndirə həm də xalqın ümidlərini doğrulda bilmirdilər. Rəhbərlikdə olan bu şəxslərin avantürist qərarları, davamlı siyasi eksperimentlərə meyilləri və populist yanaşmaları nəticəsində dövlət institutları zəifləyir, xalqın dövlətə inamı sürətlə azalırdı.

Siyasi rəhbərliyin strateji düşüncə qabiliyyətindən məhrum olması, cəmiyyətin ehtiyaclarına və təhlükəsizlik tələblərinə cavab verə bilməməsi, ölkəni dərin böhrana sürüklədi. Hətta dövlət müstəqilliyinin itirilməsi təhlükəsi belə real görünürdü. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müasir tarixində ağır və dərsverici bir mərhələ kimi yadda qaldı. Eyni zamanda, bu dövr, ölkəyə əsl liderlik xüsusiyyətlərinə malik, xalqın etimadını qazanan, təcrübəli və milli maraqlara sadiq bir rəhbərliyin nə qədər vacib olduğunu aydın şəkildə nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyev sonralar müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi”. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.

– Belə bir vaxtda Heydər Əliyev siyasi Olimpə misilsiz xilaskar, siyasi qəhrəman kimi qayıtdı...

– Ən dəhşətlisi o idi ki, yenicə bərpa edilmiş dövlətçiliyin taleyi sual altına düşmüş, vətəndaşlar arasında çaşqınlıq yaranmışdı. Bu şəraitdə xalq, yalnız təcrübəsi, siyasi iradəsi və rəhbərlik qabiliyyəti ilə tanınan bir liderin ölkəni bu çıxılmaz vəziyyətdən xilas edə biləcəyinə inanırdı.

Məhz belə bir tarixi məqamda ümummilli lider Heydər Əliyevin nəhəng şəxsiyyəti ön plana çıxdı. O, uzun illər ərzində dövlət idarəçiliyində qazandığı zəngin təcrübə, uzaqgörənliyi və xalqla olan sarsılmaz bağları ilə artıq çoxdan cəmiyyətin etimadını qazanmışdı. Xalqın müxtəlif təbəqələri – ziyalılar, gənclər, iş adamları, sadə vətəndaşlar onu Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə lider kimi görürdü. Bu, yalnız siyasi dəstək deyil, eyni zamanda, günün gur çağırışı idi.

1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya qayıdışı, məhz bu çağırışa cavab idi. Onun paytaxta dönüşü Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həmin gün ölkə həyatında dönüş nöqtəsinə çevrildi. Çünki onun qayıdışı ilə birlikdə tənəzzülə doğru gedən proseslər tədricən dayandı, sabitlik və idarəolunma bərpa olunmağa başladı. Dövlət quruculuğuna və milli birliyə yönəlik addımlar atıldı.

Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi bərpa etməyə nail oldu, xarici siyasətdə balanslı mövqe tutaraq Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Eyni zamanda, ordu quruculuğu sahəsində ciddi islahatlar aparıldı, iqtisadiyyatın bərpası və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Onun rəhbərliyi altında Azərbaycan dövləti tədricən müstəqil, güclü və dayanıqlı bir istiqamətə yönəldi. 1993-cü il iyunun 15-i təkcə siyasi liderin hakimiyyətə qayıdışı deyil, həm də Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcı oldu.

Məhz bu səbəbdən 15 iyun xalqımızın tarixi yaddaşında Milli Qurtuluş Günü kimi özünə yer qazandı və 1997-ci ildən etibarən Milli Məclisin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Bu gün biz həmin tarixi haqlı olaraq, ümumxalq bayramı kimi yad edirik.

– Sonrakı illərdə Prezident Heydər Əliyevin təqdimatı ilə 5 il Baş nazirin müavini işləmisiniz, müstəqil dövlətin ən ağrılı problemlərindən olan qaçqın-köçkünlük məsələləri ilə həm də I Qarabağ savaşında övlad qurban vermiş ata kimi böyük məsuliyyətlə məşğul olmusunuz.

– Dünyada heç nə asanlıqla əldə olunmur. Mən Azərbaycanın ən füsunkar bölgələrindən biri olan Gədəbəyin Düz Rəsullu kəndində dünyaya göz açmışam və ağlım kəsəndən zəhmətkeş, əməksevər adamlar görmüşəm. Ümumiyyətlə, dağ adamları arı kimi çalışqan olurlar. Görünür, elə uşaqlıq illərində əxz elədiyim bu əməksevərlik, halallıq o vaxtdan canıma, qanıma hopub.

Xoşbəxtəm ki, Ulu öndər bunları gördü və məni Baş nazirin müavini təyin edən də onun dilindən eşitdiyim sözlər mənim üçün yeni həyat fəlsəfəsini ortaya qoydu. 1994-cü ildə Baş nazirin humanitar işlər üzrə müavini təyin olunmağım mənim üçün gözlənilməz olub. Bununla yanaşı, Heydər Əliyev mənə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının sədri vəzifəsini də tapşırmışdı. Eyni zamanda, Narkomanlığa və narkobiznesə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri vəzifəsini də daşımışam.

Mənim Baş nazirin müavini olduğum dövr, nəinki Azərbaycan xalqının, ümumiyyətlə, Azərbaycan Respublikasının, onun hökumətinin həyatında ən çətin dövr idi. Torpaqlarımız işğal olunmuşdu, bizim 1 milyondan artıq köçkünümüz, yəni işğal olunmuş rayonlarımızdan olan, bir də Ermənistandan qovulan, digər respublikalardan bizə pənah gətirən çoxlu sayda qaçqınımız vardı. Onların içərisində azərbaycanlı da vardı, rus da, Axıska türkü də. Bunları dolandırmaq lazım idi, zəruri vasitələr isə çatışmırdı. Mən deyim ki, o dövrdə aldığım əsas dərs bu oldu ki, mən dara düşən, işğala məruz qalmış insanların ahu-zarına şərik ola bildim, onlara çarə tapa bildim.

– Romada, Nyu-Yorkda, Londonda, Belçikada, Cenevrədə, Küveytdə, Sudanda, Tehranda, Təbrizdə və s. yerlərdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə, BMT-nin müşavirələrində Azərbaycanı uğurla təmsil etmisiniz, ölkəmizin müxtəlif nümayəndə heyətlərinə rəhbərlik etmisiniz.

– Həmin dövr Azərbaycanın ilk müstəqillik illərinə təsadüf edirdi. Sözün əsl mənasında, Azərbaycan çətinliklər girdabında və informasiya blokadasında idi. Hətta Amerika hökuməti dövlət səviyyəsində Azərbaycana humanitar yardım etməmək barədə qərar vermişdi. Elə yenicə Baş nazirin müavini təyin olunmuşdum ki, 3 gün sonra Romaya göndərildim. Orada BMT-nin Dünya Ərzaq Proqramının iqamətgahı var idi. Onda Azərbaycanın bir həftəlik qida ehtiyatı qalmışdı. Heydər Əliyev təşkil etmişdi, əvvəldən danışmışdı, sonra məni ora göndərdi. Mən də xaricdə belə işlərdə olmamışdım. Elə bir hal idi ki, biz humanitar yardımı Çeçenistan xətti ilə ala bilmirdik, orada müharibə gedirdi. Gürcüstanın nümayəndələri ilə danışmalı idik ki, Poti və digər limanlardan imkan verin, bizə humanitar yardım gəlsin. Yardım Poti-Batumi xətti ilə gəldi.

Mən Romada Dünya Ərzaq Proqramının rəhbərliyi ilə söhbət etdim. Onda məni Xarici İşlər Nazirliyinin nümayəndəsi və Mahmud əl-Səid müşayiət edirdi. Mahmud əl-Səid BMT-nin Azərbaycandakı nümayəndəsi idi, rus dilini gözəl bilirdi. Orada biz yüz min ton taxıl almağa nail olduq. Təbii ki, əsas məsələləri Heydər Əliyev özü əvvəlcədən həll etmişdi, amma qürur hissi keçirirəm ki, həmin məsələlərin icrasına nəzarət etməyi mənə tapşırmışdı.

Açığı, o zaman Azərbaycanın beynəlxalq humanitar yardımlara çox ehtiyacı vardı. Yalnız “Əsrin müqaviləsi”nin reallaşması istiqamətində əməli addımlar atıldıqdan sonra Azərbaycan beynəlxalq aləmdə tədricən tanınmağa başladı. 1998-ci ilin iyununda Nyu-Yorkda BMT-nin sessiyasındakı dəlil-sübutlu çıxışım isə heç vaxt yaddaşımdan silinməyəcək. Sonradan mənə məlumat verdilər ki, mən kürsüdə çıxış edərkən Ermənistan nümayəndə heyəti salonu tərk edib. Mənə bu səlahiyyəti, qətiyyəti və və mübarizə əzmini Heydər Əliyev vermişdi.

– Heydər Əliyev idarəçilik məktəbi elə budur – xalqının maraqlarını cavablandırmaq, ölkəsinin mövqeyini qəbul etdirmək!

– Heydər Əliyevin canlı məktəbə çevrilmiş siyasi fəaliyyətinin siyasi çəkisini və dərinliklərini anlamaq üçün mütləq Azərbaycanı, azərbaycançılığı, Azərbaycan dövlətçilik və liderlik ənənəsini duymaq və sevmək gərəkdir. Amma bildiyim və aksiom kimi qəbul etdiyim bir həqiqət var ki, iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi zamanın hökmü idi. Həmin gün o bu zərurəti anlayaraq, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

Əgər müstəqilliyin əldə olunması Azərbaycanın dövlətçilik yolunda atdığı ilk və ən önəmli addım idisə, bu nailiyyətin qorunması və möhkəmləndirilməsi daha çətin və zəruri bir mərhələ idi. Bu mürəkkəb dövrdə xalqın taleyində həlledici rol oynayan şəxsiyyət məhz ümummilli lider Heydər Əliyev oldu. Onun siyasi uzaqgörənliyi və qətiyyətli rəhbərliyi nəticəsində dövlətçiliyin əsasları formalaşdı, ictimai-siyasi sabitlik təmin olundu. Ölkədə hökm sürən xaos və qarşıdurmalar mərhələsi sona çatdı, vətəndaş qarşıdurması təhlükəsi aradan qaldırıldı.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu. 1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində xalqın böyük dəstəyi ilə dövlət başçısı seçilən Ulu öndər ölkəni dərin böhrandan çıxararaq müasir və güclü bir dövlətin təməlini qoydu. Bu dönüş nöqtəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu.

– Bu gün milli qurtuluş hərəkatının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında güclü surətdə təzahür edir – o gündən başlanan yol Azərbaycanı köklü problemləri arxada qoymuş bir dövlət kimi böyük gələcəyə aparır.

– Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni bir dövrün əsası qoyuldu. Onun rəhbərliyi altında ölkədə sabitlik bərqərar olundu, sosial-iqtisadi sahələrdə mühüm islahatlar həyata keçirildi, beynəlxalq əlaqələr genişləndirildi və dövlətçiliyin əsasları möhkəmləndirildi. Bu dönüş nöqtəsi Azərbaycanın müasir, hüquqi və dünyəvi dövlət kimi formalaşmasında, eləcə də qlobal ictimaiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynadı.

Heydər Əliyevin zəngin siyasi təcrübəsi və liderlik keyfiyyətləri Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində həlledici rol oynadı. Onun uzaqgörən siyasəti, güclü iradəsi və xarizmatik şəxsiyyəti ölkədə mövcud olan dərin böhranı aradan qaldırmağa imkan verdi. Məhz onun rəhbərliyi ilə xalq milli azərbaycançılıq ideyası ətrafında birləşdi, dövlətçilik ənənələri bərpa edildi.

Ümummilli liderin müdrik qərarları nəticəsində ölkədə sabitlik və əmin-amanlıq bərqərar oldu, cəmiyyətin müxtəlif sahələrində – ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni müstəvidə köklü islahatlar həyata keçirildi. Problemlərin ardıcıl və planlı şəkildə həlli sayəsində Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoydu. Milli həmrəylik və birlik bərqərar oldu, xalqın gələcəyə inamı möhkəmləndi.

– İzzət müəllim, həm bir alim və ictimai-siyasi xadim kimi Azərbaycanı məhv olmaqdan qurtaran 15 iyun tarixinin fikirləriniz maraqlı və mötəbərdir. Çünki siz Qurtuluş ideyasının gerçəkləşməsinin məsul iştirakçısı, Ulu öndərin komandasında fəaliyyət göstərmiş yurd sevgili bir ziyalısınız. Belə bir mövqedə 15 iyun şəxsən sizin üçün hansı dəyəri daşıyır?

– 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqının yaddaşına dönüş nöqtəsi kimi həkk olunub. Məhz bu gün, ölkəmizin ağır və təhlükəli bir dönəmdən keçdiyi, dövlətçiliyimizin çökmək təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan öz xilaskarı ilə bir araya gəldi. Onun siyasi iradəsi və uzaqgörənliyi ölkəmizi parçalanmaqdan, müstəqilliyini itirməkdən xilas etdi.

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi yalnız bir siyasi liderin dönüşü deyildi – bu, Azərbaycanın müstəqil və güclü dövlət kimi yaşamaq şansının yenidən doğulması idi. 15 İyun, sadəcə, bir tarixi hadisə deyil, həm də gələcək uğurların təməlini qoyan mühüm başlanğıcdır. O gündən etibarən dövlət idarəçiliyində sabitlik bərqərar oldu, vətəndaş həmrəyliyi gücləndi və inkişafın əsası qoyuldu.

Azərbaycan xalqı bu günü – 15 İyun Milli Qurtuluş Günü kimi hər il qədirbilənlik və Ulu öndərin ruhuna minnətdarlıq duyğuları ilə yad edir. Xalqın yaddaşında Heydər Əliyev təkcə bir lider kimi yox, həm də dövlətçiliyimizin memarı və müstəqilliyimizin təminatçısı kimi yaşayır. Onun qoyduğu irs bu gün də ölkəmizin inkişaf yoluna işıq tutur.

Ötən 32 ildə əldə olunan bütün uğurların təməlində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və Prezident İlham Əliyevin bu strateji xətti ardıcıl və uğurla həyata keçirməsi dayanır. Son illərdə Azərbaycan mühüm inkişaf mərhələlərindən keçərək müasir və güclü bir dövlətə çevrilib. Bu inkişafın əsasında isə məhz ümummilli liderin qoyduğu möhkəm təməl və düzgün istiqamət dayanır.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyası bu gün də öz aktuallığını qoruyur və ölkənin tərəqqisinə xidmət edir. Azərbaycanda Heydər Əliyev siyasəti alternativsizdir və bugünkü müstəqil, sabit və dinamik inkişaf edən Azərbaycan o böyük Xilaskarın arzuladığı ölkə modelini əks etdirir.

– Maraqlı söhbət üçün sağ olun!

Müsahibəni apardı:Namiq QƏDİMOĞLUXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr