İsrailin hava zərbələri İranın nüvə proqramına ziyan vurub. Lakin çətin ki, onu tamamilə aradan qaldırsın. Eyni zamanda bu, ölkənin nüvə proqramına beynəlxalq nəzarəti çətinləşdirə bilər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin BMT Təhlükəsizlik Şurasının iclasında verdiyi məlumata görə, Natanzdakı uranın zənginləşdirilməsi zavodunun yerüstü hissəsi zədələnib. Bununla belə, zənginləşdirmənin gerçəkləşdiyi yeraltı zallar zədələnməyib. Eyni zamanda, İsrail digər ərazilərə – İsfahan və Fordoya da hücum edib.
Nəşrin məlumatına görə, İsfahana hücum xüsusilə əhəmiyyətlidir. Çünki bu, İranın uranı sentrifuqa xammalına çevirmək üçün yeganə obyektidir. Bu infrastrukturun itirilməsi yeni zənginləşdirilmiş uranın istehsalını dondura, İranın nüvə potensialını genişləndirmək imkanlarını məhdudlaşdıra bilər.