AZ

Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan tək deyil

Xalqımız bu gün tariximizin yaddaşına qızıl hərflərlə yazılmış iki böyük hadisəni – 15 İyun - Milli Qurtuluş Gününü və 15 İyun - Şuşa Bəyannaməsinin imzalandığı günü qeyd edir.

Musavat.com-un məlumatına görə, bunu deputat Azay Quliyev bildirib.

AZAY.jpg

Deputatın sözlərinə görə, bu iki mühüm tarixi an – biri dövlətimizin xilasının, digəri isə qüdrətinin, siyasi müstəqilliyinin və Türkiyə ilə qardaşlığının, müttəfiqliyinin simvoludur:

“Məlum olduğu kimi, 1993-cü ilin bu günü Azərbaycan xalqı bir dövlət kimi dağılmaq təhlükəsi qarşısında qalmışdı. AXC-Müsavat iqtidarının xəyanəti və səbatsızlığı nəticəsində ölkədə xaos, anarxiya, hakimiyyət böhranı, parçalanma və vətəndaş qarşıdurması hökm sürürdü. Məhz belə bir ağır məqamda xalq öz müdrik seçimini etdi, Ümummilli Lider Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi.

Bu çağırış yalnız siyasi bir qərar deyildi, bu, xalqın içindən gələn ümidin, qurtuluş istəyinin səsi idi. Həqiqətən də əgər Heydər Əliyev olmasaydı, Azərbaycan ən yaxşı halda Suriyanın və Əfqanıstanın taleyini yaşayacaqdı. Ulu Öndərə qarşı terror, sui-qəsd və silahlı hakimiyyət çevrilişi cəhdlərinə baxmayaraq, Heydər Əliyevin qətiyyəti, dəmir iradəsi və dövlətçilik zəkası hesabına Azərbaycan bu bəladan qurtuldu və müstəqil dövlət quruculuğu dövrünə qədəm qoydu.

Sabitlik bərpa olundu, ordu quruculuğuna start verildi, iqtisadiyyatda islahatlar başlandı və ən əsası, xalqla dövlət arasında itirilmiş inam körpüsü yenidən bərpa edildi.

O dövrdən 32 il keçməsinə rəğmən, bir daha əmin olursan ki, Qurtuluş keçmişin faciəsini unutmamaq, tarixdən dərs almaq və gələcəyin uğurunu düşünmək, dövlətçiliyi qorumağın müqəddəs borc olduğunu dərk etmək deməkdir”.

Azay Quliyev qeyd edib ki, bu gün Ulu Öndərin siyasi yolunu onun layiqli varisi Prezident İlham Əliyev böyük uğurla və cəsarətlə davam etdirir:

“2020-ci ildə qazanılan tarixi Zəfər Azərbaycan xalqının birliyinin, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsinin zəfəri idi.

Bu Zəfərin məntiqi davamı kimi, 2021-ci ilin 15 iyununda, simvolik olaraq Qurtuluş Günündə, Şuşada Azərbaycan-Türkiyə Müttəfiqlik Bəyannaməsi imzalandı. Şuşa xalqımız üçün sadəcə coğrafi məkan deyil, Şuşa tarixdir, milli ruhdur, mədəniyyətimizin tacıdır, qələbəmizin möhürüdür. Bu müqəddəs məkanda imzalanan sənəd sadəcə beynəlxalq hüquqi akt deyildi, bu, əsrlərin sınağından çıxmış qardaşlığın gələcəyə ünvanlanan strateji yol xəritəsi idi”.

A.Quliyevin sözlərinə görə, Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan tək deyil, onun yanında güclü, etibarlı və sarsılmaz müttəfiqi Türkiyə var:

“Bu sənəd eyni zamanda regionda yeni geosiyasi düzənin və təhlükəsizlk arxirekturasının əsasını qoydu. Xüsusilə, bugünlərdə coğrafiyamızda yaşananlar Şuşa Bəyannaməsinin nə qədər vacib və vaxtında imzalanan bir sənəd olduğunu bir daha təsdiqləyir. Azərbaycan bu gün təkcə öz uğurları ilə deyil, yaratdığı siyasi, diplomatik və iqtisadi reallıqlarla da beynəlxalq münasibətlərin fəal və etibarlı oyunçusuna çevrilib. Qurtuluşdan Zəfərə, Zəfərdən Şuşaya aparan yol millətimizin əzmini, dövlətimizin gücünü və Liderimizin sarsılmaz iradəsini sübut edən şanlı yoldur. Biz bu yolu ləyaqətlə qorumalı, gələcək nəsillərə daha güclü, daha firavan Azərbaycanı miras qoymalıyıq”.

Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr