AZ

Özünü "Tanrıların Kralı" sayırdı, 16 il həbs cəzası aldı - FOTO

BAKI, 15 iyun. TELEQRAF

Rusiyanın Orenburq vilayətinin tarixində ən qəddar cinayətkar dəstələrindən biri sayılan "Əkizlər" mütəşəkkil cinayətkar qrupun on ildən artıq davam edən fəaliyyətinə, nəhayət 2025-ci ildə son qoyulub.

Teleqraf-ın xəbərinə görə, Orenburq Vilayət Məhkəməsi dəstə üzvlərinə ağır cəzalar verib və onları həbsə göndərib.

2012-ci ildə "Tanrıların Kralı" ləqəbli Viktor Kutniyin yaratdığı dəstə əvvəlcə səkkiz nəfərdən ibarət olub. Onlar əsasən Orenburq Dəmiryol Vağzalı ətrafında fəaliyyət göstərərək taksi sürücülərindən "təhlükəsizliklərini təmin etmək" adı altında qanunsuz pul (xərac) tələb ediblər. Dəstəyə haqq vermək istəməyənlər isə təhdid və zorakılıqla qarşılaşıblar.

2015-ci ildə qrupun üzvləri həbs olunub. Onlara 3 ildən 14 ilədək cəza verilib. V.Kutniy isə özünü psixi xəstə kimi apararaq məsuliyyətdən yayınıb. O, 2019-cu ilə qədər xüsusi klinikada saxlanılıb.

V.Kutniy həmin il xəstəxanadan çıxdıqdan sonra yeni heyətlə "Junior əkizlər" adlı cinayətkar qrup yaradıb. Dəstənin bu dəfəki fəaliyyəti daha geniş olub. Onlar sahibkarlardan qanunsuz pul yığımı, quldurluq, dələduzluq, işgəncə və təhdid kimi cinayətlər törədiblər. Dəstənin müxtəlif şəxslərə vurduğu zərərin ümumi məbləği 10 milyon rubldan çox (190 min manat) olub.

V.Kutniy özünü "Tanrıların kralı" elan edərək dəbdəbəli ritual və simvollar tətbiq edib. Malikanəsində qızıl taxtda əyləşib, qrupa qoşulanlara hörümçək təsvirli qızıl üzüklər verib. Dəstə üzvləri pasportlarını dəyişərək onun soyadını götürüb, qara kostyum geyinib, hətta saç düzümünü belə təqlid ediblər. Dəstə içində "xərac yığan" vəzifəsi də olub.

Qrupun törətdiyi əsas cinayətlər sırasında aşağıdakılar var:

2020-ci ildə vətəndaşa məxsus yük maşınını mənimsəyiblər. Avtomobilin sahibi 2,5 milyon rubl (53 min manat) əvəzinə yalnız 950 min rubl (20 min manat) alıb. Nəqliyyat vasitəsi dəstə üzvlərindən birinin anasının adına rəsmiləşdirilib.

2021-ci il də 300 min rubl (6400 manat) dəyərində olan "Nissan" markalı avtomobil oğurlanıb.

Əyləncə mərkəzində 29 yaşlı şəxs döyülərək pul tələb edilib. Quldurlar pulu alarkən polis tərəfindən saxlanılıblar.

(dəstə üzvləri)

2021-ci ilin martında V.Kutniy şəhər küçəsində zirehli maşının yanında saxlanılıb. Onun malikanəsində keçirilən axtarış zamanı dəridən hazırlanmış taxt, oyma şirlər, ikibaşlı qartal simvolları, oyuncaq avtomat, doldurulmuş ayı, qızıl üzüklər, qılınclar, sənədlər və xaricdən oğurlanmış avtomobillər aşkarlanıb.

2024-cü ilin iyulunda Orenburqun Dzerjinski Rayon Məhkəməsində cinayətkar qrupun üzvlərinə hökm oxunub.

Hökmə əsasən dəstə başçısı Viktor Kutniy 16 il, İlya Qodyayev (dəstəbaşçısınınsağəli) 13 il və dəstənin digər üzvləri 5 ildən 13 ilədək azadlıqdan məhrum edilib.

İlya Qodyayev

Cinayətkar dəstə ilə ortaqlıq edənlər 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər apellyasiya şikayəti versələr də, vilayət məhkəməsi hökmü qüvvədə saxlayıb.

Seçilən
21
teleqraf.com

1Mənbələr