AZ

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb

İyunun 15-dən etibarən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə İsveçrənin “Stadler Rail” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edir. Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.

Qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzilbaşına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol vağzalına saat 13:29 və 21:49-da çatacaq. Bilet satışına isə iyunun 5-dən başlanılıb. Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16,20 manat təşkil edəcək. Biletləri dəmiryol kassalarından, “ADY Mobile” tətbiqindən və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az) əldə etmək mümkündür.

ADY-nin sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib: “Beşillik fasilədən sonra Qazax rayonuna sərnişin daşıma bərpa olunub. Gündəlik olaraq Bakı şəhərindən iki dəfə qatar Qazax istiqamətində hərəkət edəcək, eyni vaxtda Qazaxdan Bakı istiqamətində qatarlar hərəkət edəcək”.

Həmçinin Bakı–Qazax–Bakı marşrutunun istismara verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım proqnozlaşdırılır. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik əlavə 10 minə yaxın sərnişinin daşınacağı gözlənilir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, uzaq məsafələrə qatarla səyahət etmək daha cəlbedici, daha komfortlu olur: “Ölkəmizdə bütün istiqamətlərdə dəmir yolu var və bu növ yeni müasir qatarlarla səyahətlərin təşkili, dövrün tələblərinin nəzərə alınması, yollar modernləşdikcə sürətli hərəkətin təmin edilməsi – bütün bunlar düşünürəm ki, davam edəcək. Bu il artıq ikinci xoş xəbərdir. Ağdama, indi isə mövcud Ağstafaya qədər olan xətt Qazaxa kimi uzadıldı. Fikrimcə, növbəti illərdə fərqli istiqamətlərdə bu cür xəbərlər eşidəcəyik”.

Qazaxa ilk dəfə sürətli qatarla sərnişindaşımaya başlanılması münasibətilə keçirilən tədbirdə bildirilib ki, 5 illik fasilədən sonra yenidən Qazax stansiyasında sərnişindaşımanın bərpa olunması rayon ictimaiyyəti üçün olduqca önəmli bir hadisədir.

ADY Bakı–Qazax–Bakı marşrutu üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə dəmir yollarının Ağstafa–Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib.

Belə ki, Bakı–Qazax dəmiryol xəttində enerji, rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi işləri yerinə yetirilib. Həmçinin Qazax stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib. Bakı–Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bu istiqamətdə səfər edən və həmin bölgədə yaşayan insanların nəqliyyat tələbatına cavab verəcək.

Seçilən
5
31
xalqqazeti.az

10Mənbələr