AZ

Luis Enrike: “Qızıl top”u kimin qazanacağı vecimə deyil”

PSJ-nin 55 yaşlı ispan baş məşqçisi Luis Enrike cari mövsümün “Qızıl top” mükafatı ilə bağlı sualı cavablayıb.

Arena.az “Ekip” nəşrinə istinadən məlumat verir ki, Luis Enrike cavabını, PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembelenin cari mövsümün “Qızıl top” mükafatını qazanmaq ehtimalı ilə bağlı sual əsasında verib:

“Qızıl top”u Usman Dembele qazanacaqmı? Bu, məni maraqlandırmır. Mənim, fərdi mükafatlar haqqında danışmaq niyyətim yoxdur, amma əgər məndən soruşsalar ki, o, buna layiqdirmi, mən düşünürəm ki, bəli, layiqdir.

“Qızıl top” Usman Dembeleyə çatmalıdır. O, buna layiqdir. Buna heç bir şübhə ola bilməz”, deyə Luis Enrike vurğulayıb.

Əlavə edək ki, Dembele qalibi olduğu 2024/2025-ci illər Çempionlar Liqası mövsümünün ən yaxşı oyunçusu seçilib, həmçinin cari mövsüm üçün “Qızıl top”u qazanmağa əsas namizəd hesab edilir.

Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 33 qol vurub, 15 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 91 oyun, 39 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 21 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 6 məhsuldar ötürmə var.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 56 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
10
1
arena.az

3Mənbələr