Perunun paytaxtı Lima yaxınlığında baş vermiş zəlzələ nəticəsində azı bir nəfər ölüb.
İndex.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İnstitutu yanında Fövqəladə Vəziyyət üzrə Milli Əməliyyat Mərkəzi məlumat yayıb.
“Zəlzələ nəticəsində İndependensiya rayonunda bir nəfərin həlak olduğu və hazırda paytaxtın müxtəlif xəstəxanalarında tibbi yardım alan beş nəfərin yaralandığı bildirilir. Bundan başqa, nəqliyyat infrastrukturu və tibb müəssisələrində zədələr qeydə alınıb”, – qurumun sosial şəbəkə hesabında qeyd olunub.
Perunun Milli Seysmoloji Mərkəzi yerli vaxtla 11:35-də (Bakı vaxtı ilə 20:35-də) qeydə alınmış zəlzələnin 6,1 maqnitudalı olduğunu açıqlayıb. Yeraltı təkanların ocağı 49 km dərinlikdə olub. Zəlzələnin episentri paytaxt Limanın yaxınlığında, Kalyao şəhərindən təxminən 30 kilometr cənub-qərbdə – sahildə qeydə alınıb.