AZ

Alimlər Avropada güclü meşə yanğınları təhlükəsi fonunda yeni strategiya təklif edirlər

ain.az bildirir, Azertag portalına istinadən.

Stokholm, 16 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

Avropa Elmlər Akademiyaları Şurasının (EASAC) yeni hesabatında bu qitəndə intensiv və dağıdıcı meşə yanğınlarının sayında kəskin artım olacağı barədə xəbərdarlıq edilir.

AZƏRTAC xəbər verir ki, son illər təkmilləşdirilmiş yanğınsöndürmə üsulları sayəsində yanan torpaqların ümumi sahəsi azalsa da, yanğınların özünün xarakteri dəyişir - insan həyatı, infrastruktur və kövrək ekosistemlər üçün təhlükə yarada bilən iri, nəzarətsiz meqayanğın riski artır.

Hesabatın müəlliflərindən biri, Stokholm Universitetinin professoru Tomas Elmqvist hesab edir ki, bu təhlükədən qorunmaq üçün təkcə yanğınsöndürmə xidmətlərini gücləndirmək kifayət deyil. Biomüxtəlifliyin bərpası, davamlı landşaft idarəçiliyi və qabaqlayıcı tədbirlər də daxil olmaqla hərtərəfli, uzunmüddətli strategiya lazımdır. İqlim dəyişikliyinin təsirlərini və təbii mühitin balansının pozulmasına, bataqlıqların qurudulmasına və vahid iynəyarpaqlı monokulturaların yayılmasına səbəb olan intensiv meşə təsərrüfatının təsirini nəzərə almaq xüsusilə vacibdir. Bütün bunlar güclü meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırır.

Hesabatda "yanğın tələləri" adlı bir fenomen də araşdırılır. Onlar kiçik yanğınların uğurla söndürülməsi nəticəsində baş verir. Zaman keçdikcə, təbiətdə getdikcə daha çox yanan material toplanır ki, bu, nəzarət edilməsi mümkün olmayan nəhəng yanğına səbəb ola bilər.

Bununla belə, T.Elmqvist vurğulayır ki, yanğınların hamısı fəlakət deyil. Əksinə, aşağı intensivlikli yanğınlar bir çox ekosistemin normal hissəsidir. Bəzi bitki növləri, məsələn, İsveç od ətirşahının (Geranium bohemicum) çoxalması yanğından asılıdır. Bu bitkilər, öz növbəsində, qida zəncirində, məsələn, həşərat populyasiyalarını dəstəkləyən mühüm bir halqadır.

Alimlərin fikrincə, yanğınların qarşısının alınmasının effektiv üsullarından biri yanan materialın miqdarını azaltmağa və dövri yanğınlara uyğunlaşdırılmış ekosistemləri saxlamağa kömək edən kiçik sahələrin idarəolunan, təhlükəsiz yandırılmasıdır. Bundan əlavə, bataqlıqların bərpası, qarışıq meşələrin inkişafı və vəhşi təbiətlə yaşayış massivləri arasında bufer zonaların yaradılması bizə həm də ekoloji problemləri həll etməyə və yanğın təhlükəsini azaltmağa imkan verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
4
azertag.az

5Mənbələr