AZ

55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Ağsu şəhər 1 saylı təhsil ocağının həm öz yubileyi, həm də VI buraxılış “Son zəng”inin 50 illiyi keçirilibBəşər övladının həyatında əlamətdar, daim xatırlanan və məmnunluq doğuran tarixlər, təqvim hadisələri çoxdur - doğum günü; birinci sinfə qədəm qoyması, attestat, tələbə bileti, diplom alması; işə qəbulu, hərbi xidməti, ailə qurması, valideyn məqamına yüksəlməsi və sair. Bunların içərisində ən yaddaqalanlardan biri məhz “Son zəng”dir. İllər keçir, doğma məktəb, sinif otaqları, orada öyrəndiklərimiz, müdrik pedaqoqlar və əziz şagird yoldaşlarımız heç vaxt unudulmur. Zamanla – üstündən uzun müddət keçsə belə, xəyalən tez-tez həmin dövrə qayıdırıq, olub-bitənlər xoş xatirə təki yaddaşımızda canlanır, bir kino lenti kimi gözlərimizin qarşısından gəlib keçir, hamımız yenidən parta arxasına dönmək istəyirik. Elə buna görə - müəllimlərimizi, sinif yoldaşlarımızı yaxından görmək, birlikdə geriyə boylanmaq, saf, ülvi, kövrək duyğuları dərindən duymaq üçün üstündən neçə onilliklər ötsə də müxtəlif yuvarlaq zaman kəsiklərində “Məzun günü” qeyd olunur, köhnə təəssüratlar, şirin xatirələr təzələnir.Ağsu şəhər 1 saylı məktəb-liseyin pedaqoji və şagird kollektivi isə cari ilin 23 mayında ikiqat bayram sevinci yaşadı. Həm 1970-ci ildə fəaliyyətə başlayan təhsil ocağının 55 illik yubileyi, həm də 1975-ci il məzunlarının “Son zəng”inin 50 illiyi geniş və təntənəli şəkildə keçirildi. Bəli, həmin gün 55 yaşlı Ağsu şəhər 1 saylı məktəbin 1975-ci il buraxılışı məzunluğun yarım əsrlik yubileyini qeyd etmək üçün doğma təhsil ocağına üz tutmuşdular. Dörd X sinfin (Xa, Xb, Xc, Xd) qırx nəfərdən çox məzunu böyük həyəcan, məhəbbət və xüsusi maraq hissi ilə müqəddəs, doğma ana məktəbə toplaşaraq ötən illəri xoş xatirələrlə yad etdilər.Məktəbin akt zalında 50 ildən sonrakı görüşün rəsmi və bədii hissəsi reallaşdı. Tədbirin əvvəlində səsləndirilən Azərbaycan Respublikasının Dövlət Himni, igid şəhidlərin, indi həyatda olmayan hörmətli müəllim və məzunların birdəqiqəlik sükutla yad edilməsi tədbirin duyğusal anları kimi yaddaşlara həkk olundu.Məktəbin direktoru Aynur Niftalıyeva, tərbiyə işləri üzrə direktor müavini Dilşad Səfərova məzunları təbrik etdilər, cansağlığı, işlərində uğurlar arzuladılar. Bildirildi ki, belə məzun günləri əsl bayrama çevrilir, şagirdlərdə məktəbə, təhsilə marağı artırır, xoş ovqat yaradır. Onlar arasında səmimilik daha da çoxalır. Yubiley mərasimi üçün təşəbbüs və təşkilatçılıq göstərənlərə, xüsusən də həmin məzunlardan biri, Əməkdar mədəniyyət işçisi, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin sabiq əməkdaşı Təranə Balayevaya təşəkkür bildirildi. Məktəbin birinci, yeddinci və doqquzuncu sinif şagirləri Vətən, məktəb, müəllim, Zəfər günü, qəhrəman oğullarımız haqqında gözəl nəğmələr, şeirlər söylədilər. Balaca birincilərin şən, oynaq rəqsləri, zəngi səsləndirmələri məzunlarda kövrək duyğular oyatdı, əhvali-ruhiyyələri təzələdi.Təhsil ocağının fizika müəllimi, indi təqaüddə olan İzayəddin müəllimin tədbirdə iştirakı hamının sevincinə səbəb oldu. Məzunlar fizika otağında əyləşib İzayəddin müəllimi və sinif yoldaşlarını dinlədilər. Xoş məktəb xatirələri qəlbləri riqqətə gətirdi, kövrəltdi, güldürdu, düşündürdü... Uşaqlıq, yeniyetməlik illərini sanki yenidən yaşadılar. Məktəb illərinin dəyərini bir daha qiymətləndirdilər.Sonra məktəbdən xoş təəssüratlarla ayrılıb "Gözəl Ağsu" restoranında unudulmaz görüşü davam etdirdilər, hamı çox məmnun qaldı.Xatırladaq ki, Ağsu şəhər 1 saylı məktəb-lisey rayonun qabaqcıl təhsil ocaqlarındandır. Məktəb 1970-ci ildən, yəni 55 ildir ki, fəaliyyət göstərir. Həm təhsil, həm tərbiyə, həm də idman və hərbi-vətənpərvərlik istiqamətində uğurları çoxdur. Məktəb öz şərəfli məzunu şəhid Aslan Tarverdi oğlu Nadirovun adını daşıyır. Digər şəhid məzunu isə Hüseyn Dadaşzadədir. 44 günlük Vətən müharibəsində xeyli məzunu qəhrəmanlıq göstərmiş, orden və medallarla təltif olunmuşlar. Bir nəfər 700 bal, çoxsaylı şagirdləri isə 600-dən cox bal toplamış, ölkəmizin və dünyanın tanınmış universitetlərini bitirmiş və hazırda da təhsil alırlar. Məzunlar bacarıqlı mütəxəssis kimi xalqımıza, dovlətimizə xidmət göstərirlər.İnanırıq ki, bu 50 və 55 ilin işığı onların da sonrakı həyatını nurlandıracaq, mənalandıracaq!Video:Ziyafət QurbanovaƏməkdar müəllim, Ağsu şəhər 1 saylı məktəbin 1975-ci il məzunu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
reyting.az

2Mənbələr