Natanzdakı nüvə obyektinin hüdudlarından kənarda radiasiya səviyyəsi dəyişməz olaraq qalır və normalara uyğundur.
Day.Az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi agentliyin İdarəçilər Şurasının iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin Hadisələr və Fövqəladə Hallar Mərkəzi böhran vəziyyəti başladığı andan etibarən fasiləsiz rejimdə fəaliyyət göstərir.
"Biz İranın nüvə obyektlərinin vəziyyətini və müvafiq sahələrdə radiasiya səviyyəsini izləyirik, İran hakimiyyəti ilə daimi əlaqə saxlayırıq", - deyə Qrossi vurğulayıb. - "BAEA hər hansı nüvə və ya radioloji fövqəladə hadisəyə bir saat ərzində reaksiya verməyə hazırdır".
O bildirib ki, hücum nəticəsində Natanzda yerləşən 60%-ə qədər U-235 izotopu ilə zənginləşdirilmiş uran istehsal edilən eksperimental yanacaq zənginləşdirmə zavodunun yerüstü hissəsi dağıdılıb.
Bundan əlavə, müəssisənin enerji infrastrukturunun əsas elementləri - elektrik yarımstansiyası, əsas enerji təminatı binası, ehtiyat enerji mənbələri və generatorlar sıradan çıxarılıb.