AZ

Çin Rusiyanı Orta Asiyadan sıxışdırır..?

Çin sədri Si Cinpinin Qazaxıstana səfəri Rusiyanın ümumi zəifləməsi fonunda Çinin Mərkəzi Asiyada təsirini gücləndirmək məqsədi daşıyır.

SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

...Deməli,Çin Xalq Respublikasının rəhbəri Si Cinpin prezident Qasım-Jomart Tokayevlə danışıqlar aparmaq və Mərkəzi Asiya dövlət başçılarının ikinci sammitində iştirak etmək üçün Qazaxıstana səfərə gedib.

Si-nin bazar ertəsi, iyunun 16-da Qazaxıstan lideri ilə danışıqlar aparması, ertəsi gün isə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin iştirak etdiyi çoxtərəfli sammitdə iştirak etməsi planlaşdırılır.

Nəşr qeyd edir ki, bu, Si Cinpinin 2025-ci ildəüçüncü xarici səfəridir.

Astanadakı görüş Kanadada keçirilən Yeddilik Qrupunun (G7) sammiti ilə eyni vaxtda keçirilir.

Si-nin Mərkəzi Asiyaya səfəri həm də Vaşinqtonda Qazaxıstanın xarici işlər naziri ilə danışıqlar aparan ABŞ dövlət katibi Marko Rubionun az sonrasına təsadüf edir.

Analitiklərin qeyd etdiyi kimi, səfərin əsas məqsədlərindən biri Çinin Mərkəzi Asiyada, xüsusən də ABŞ-la münasibətlərdə gərginliyin mümkün artması kontekstində mövqeyini gücləndirməkdir.

Si Cinpin ilk dəfə məhz Qazaxıstanda on ildən çox əvvəl “Bir Kəmər və Yol” təşəbbüsünün başladığını elan edib.

Londonda yerləşən PRISM Strategic Intelligence Ltd konsaltinq şirkətinin partnyoru Keyt Mallinson qeyd edir ki, Pekin Vaşinqtonla münasibətlərin daha da pisləşəcəyi təqdirdə iqtisadi sabitliyi təmin etməyə çalışır.

O, Çinin "son üç ildə Mərkəzi Asiyada əhəmiyyətli dərəcədə gücləndiyini" və Qərbin Rusiyanı 2022-ci ildən təcrid etməyə cəhdindən sonra iqtisadiyyatını və təchizat zəncirlərini gücləndirməyə davam etdiyini söyləyib.

Danışıqlarda çox güman ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının ticarət məhdudiyyətləri və tarif siyasətləri məsələsinə də toxunulacaq.

Bloomberg hesab edir ki, qlobal rəqabət kontekstində Çin təbii ehtiyatlara çıxış və geosiyasi təsir uğrunda mübarizənin gücləndiyi Mərkəzi Asiyada alyansları inkişaf etdirməyə çalışır.

Bu kontekstdə Qərb ölkələrinin xarici siyasət fəaliyyəti də mühüm əhəmiyyət kəsb edib: bu yaxınlarda İtaliyanın baş naziri Giorgia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Leyen regiona səfər ediblər.

Əhəmiyyətli uran, neft və nadir torpaq metalları ehtiyatlarına malik olan Mərkəzi Asiya regionu Avropaya malların ixracı üçün əsas quru marşrutları təmin etdiyindən Çin üçün strateji əhəmiyyət kəsb edir.

Rusiyanın keçmiş sovet respublikaları üzərində tarixi nüfuzu artıq dördüncü ildir ki, Ukraynadakı müharibə ilə zəifləyib. Bu, Pekinin ümumi daxili məhsulu təxminən 500 milyard dollar olan regiona ixracı artırmaq üçün əlavə imkanlar yaradır.

Əli Babayev

Seçilən
6
1
sia.az

2Mənbələr