İranın atdığı ballistik raketlər İsraildə təyin olunmuş hədəfləri vurur.
İndex.az xəbər verir ki, İsrailin aparıcı qəzetlərindən biri olan “The Jerusalem Post” yazıb ki, Tehran hökumətinin hücumlar üçün gecə seçməsi şüurlu strategiyanın bir hissəsidir.
Qəzetə görə, İranın gecənin qaranlığında həyata keçirdiyi hücumlar məxfilik, sürpriz effekt və psixoloji təzyiq elementlərini özündə birləşdirən hərbi doktrinanın göstəricisidir.
Gecə hücumlarının məqsədi təkcə mənəvi üstünlük əldə etmək deyil. İranın bu saatlara üstünlük verməsi həmçinin müəyyən texniki tələblərə əsaslanır.
Balistik raketlər atmosferin yuxarı qatlarında, oksigenin ya çox seyrək, ya da tamamilə olmadığı yüksəkliklərdə fəaliyyət göstərir. Buna görə də, təyyarələrdən fərqli olaraq, onların xarici mühitdən oksigeni qəbul etmələrinə ehtiyac yoxdur. Hər bir raketdə yanmağı təmin etmək üçün təkcə yanacaq deyil, həm də oksidləşdirici kimyəvi maddələr olmalıdır.
“The Jerusalem Post” İranın uzaqmənzilli ballistik raketlərinin ümumiyyətlə maye yanacaqdan istifadə etdiyini və bu sistemlərin hazırlanmasının vaxt tələb etdiyini yazır.
Belə raketlərin atılmağa hazır olması üçün yanacaq və oksidləşdirici maddələr son dərəcə dəqiqliklə raket sisteminə ötürülməlidir. Bu proses zamanı İran ordusu İsrailin peyk görüntüləmə sistemləri və kəşfiyyat təyyarələrinə ciddi şəkildə məruz qala bilər.
İran ümumiyyətlə yanacaq doldurma zamanı aşkarlanma və hədəfə düşmə riskini azaltmaq üçün bu prosesi gecələr həyata keçirir. Görünüşün məhdud olduğu və kəşfiyyat sistemlərinin effektivliyinin azaldığı bu saatlarda həyata keçirilən əməliyyatlar sayəsində İran daha az risklə raket hazırlıqlarını tamamlaya bilir.
Ona görə də İranın gecə hücumları həm psixoloji təsirin artırılmasına yönəlmiş taktika, həm də əməliyyat təhlükəsizliyi baxımından məcburi seçim hesab olunur.