Sea Breeze

Şuşa Bəyannaməsi bir millət, iki dövlətin möhtəşəm nüfuz və sarsılmaz qüdrətinin geosiyasi obrazını dünyaya nümayiş etdirməklə, Azərbaycan-Türkiyə münasibətlərində tamamilə yeni səhifə açdı. Bəyannamə ilə təsdiq edilir ki, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü Azərbaycanın gücüdür. Yüz il əvvəl imzalanan Qars müqaviləsinin məntiqi sonluğu kimi də səciyyələndirə bildiyimiz Şuşa Bəyannaməsi müstəqil Azərbaycanın və Türkiyənin XXI əsrdəki yeni siyasi taleyinin rəmzidir. 100 il sonra Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları Türk birliyinin simvoludur.

Müzəffər Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın və Türkiyənin siyasi həyatında olduqca əlamətdar və qürurverici gün olan bu tarixi hadisə xalqlarımızın böyük öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün kəlamlarının öz əksini tapmaqla əcdadlara sadiqliyi nümayiş etdirdi. Bu tarixi sənəd eyni zamanda, Vətən Müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.

Bu o deməkdir ki, zəfərdən sonra Azərbaycan və Türkiyənin razılığı və iştirakı olmadan regionda heç proses və ya layihə baş tuta bilməz. Qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, bölgədə başlanmış yeni dövrü və həqiqətləri hər kəs görməlidir, Azərbaycan xalqının Zəfərini qəbul edərək gələcəyə baxmalı, bütün tərəflər üçün yaranmış yeni əməkdaşlıq imkanlarından yararlanmağa çalışmalıdır. Eyni zamanda, Ermənistan ona xoş niyyətlə uzadılan əli geri çevirməməli, gələcəyi naminə yaranan fürsətdən yaxşı istifadə etməlidir. Tarixi Şuşa Bəyannaməsində bir çox önəmli məsələlər öz əksini tapıb ki, onlardan ən mühümü hərbi-müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətidir. Hərbi mübadilələrin və qarşılıqlı hərbi yardımların intesivləşdirilməsi, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı tərəflərin hərbi qüdrətini artırmaqdadır.

Vətən müharibəsində böyük rol oynayan pilotsuz uçuş aparatlarının yeni nəslinin mübadiləsi, habelə ən modern müasir döyüş texnikalarının iki dövlətin silahlı qüvvələrinin arsenalında yer alması və digər birgə səylərin gücləndirilməsi hərbi təhlükəsizliyinin möhkəmləndirilməsində də prinsipial məzmun kəsb edir.

Bu, həm də Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olacağı halda, bir-birini qorumaq üçün birgə addımların atılması qətiyyətinin ifadə edilməsidir. Yeri gəlmişkən, Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına da açıq mesaj kimi qəbul edilməlidir. Bəyannamədə ən strateji əhəmiyyət kəsb edən bəndlərdən biri regionun nəqliyyat-logistika xəritəsini dəyişən Azərbaycan və Türkiyənin qətiyyəti ilə reallaşan Orta Dəhlzin Asiya və Avropa arasında fasiləsiz nəqliyyat və ticarət bağlantısına çevrilməsidir. Bəyanatda bu dəhlizin növbəti məntəqəsi olacaq Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapması isə bir daha regionda Azərbaycanın iradəsi ilə yaranmış yeni geosiyasi vəziyyətin nəticəsi olduğunu təsdiqləyir.

Zəngəzur dəhlizinin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisi sayəsində isə qlobal nəqliyyat arteriyasının qollarının daha da genişlənəcəyinin anonsunu verir, Azərbaycan və Türkiyənin beynəlxalq nəqliyyat dəhlizlərinin Orta-Mərkəzi xəttinə çevriləcəyini şərtləndirir. Müttəfiqlik hədəfləri üzrə müəyyən edilmiş siyasi, iqtisadi, sosial, humanitar konsepsiya isə təkcə iki qardaş dövlətin deyil, eyni zamanda, türkdilli xalqların və islam dünyasının maraq və mənafeyinə, həmçinin digər region ölkələrinin rifahı və həmrəyliyinə xidmət edir. Şuşa Bəyannaməsi məram və ideya baxımından ümümbəşəridir, sülh və əməkdaşlıq çağırışlarının möhtəşəm manifestidir.

Salman Abdullayev;
Neftçala rayonu

ETX
ETX
ETX