AZ

Bakıda “Azərbaycan-Almaniya dostluq həftəsi” keçiriləcək

Bakı, 17 iyun, AZƏRTAC

Alman-Azərbaycan Cəmiyyətinin yaranmasının 35 illiyi ilə bağlı ölkəmizdə “Azərbaycan-Almaniya dostluq həftəsi”nin keçirilməsi planlaşdırılır. İyunun 18-dən 22-dək davam edəcək dostluq həftəsi çərçivəsində iki ölkə arasında elm, mədəniyyət və idman sahəsində əlaqələrin inkişafına həsr olunmuş silsilə tədbirlərin reallaşdırılması nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a Alman-Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, paytaxtımızda və bəzi regionlarda keçiriləcək dostluq həftəsində Almaniya, Türkiyə, Gürcüstan və Qazaxıstandan gələn nümayəndə heyətləri iştirak edəcək.

İyunun 18 və 19-da Alman-Azərbaycan Cəmiyyətinin dostu, məşhur futbol məşqçisi Bernd Ştangenin ölkəmizin idman ictimaiyyəti ilə görüşü nəzərdə tutulur. İyunun 19-da AMEA-nın Əlyazmalar İnstitutunda Azərbaycanı mühacirətdə tanıdan yazar Məhəmməd Əsəd Bəyin 120 illik yubileyi qeyd olunacaq. İyunun 20-də isə Milli Azərbaycan Tarixi Muzeyində professorlar Oskar Valter və Həcər Verdiyevanın moderatorluğu ilə “Azərbaycan-Almaniya: ikitərəfli münasibətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayacaq.

“Azərbaycan-Almaniya Dostluq Həftəsi”ndə iştirak etmək üçün Bakıya gələn qonaqlar iyunun 20-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində görüşü nəzərdə tutulub. Həmin gün axşam isə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında almaniyalı İda Haag, Aleksandr Hahn və azərbaycanlı incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq. Rəsmi hissədə Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev təşkilatın 35 il ərzində keçdiyi yol barədə danışacaq, iki ölkə arasında xidməti olan şəxslərə cəmiyyətin “Dostluq” medalı, “Yaşıl Budaqlar” mükafatı və diplomlar təqdim olunacaq.

İyunun 21-də qonaqlar Bakının Dağüstü Parkının ərazisində təşkilatın təsis etdiyi “Azərbaycan-Alman dostluq bağı” ilə tanış olacaqlar. Həmin gün İçərişəhərdə “Altşatdt” Qonaq Evində Alman-Azərbaycan Cəmiyyəti, Bavariyanın MDB məkanından köç etmiş Almanların Cəmiyyəti və Almaniya Azərbaycanlıları Alyansının üçtərəfli görüşü nəzərdə tutulub.

Ertəsi gün dostluq həftəsinin iştirakçılarının Gəncə şəhərinə Göygöl və Şəmkir rayonlarına səfəri də maraqlı proqramla zəngin olacaq. Səfər zamanı Göygöl rayon mərkəzində tarixən orada məskunlaşmış alman mədəni irsi ilə tanışlıq planlaşdırılıb. Şəmkir rayon mərkəzində yerləşən alman Lüteran Kilsəsində Alman və Azərbaycan incəsənət ustalarının konsert proqramı təqdim olunacaq.

 

 

 

Seçilən
2
6
azertag.az

7Mənbələr