“Amburan Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında yay mövsümünün açılışı olub.
"Report" xəbər verir ki, açıq səma altında keçirilən Çiçəkli əyləncə yay, təbiət və keyfiyyətli kino sevərləri bir araya gətirib.
Çiçəklərin zərif ətri, işıq şousu və həzin musiqi rahat bir axşam əhval-ruhiyyəsi yaradıb. Qonaqları pantomim qarşılayıb və hər bir xanıma çiçək təqdim edib. Gecənin xüsusi məqamı isə filmin süjetinə əsaslanan rəqs tamaşası olub. Dəvət olunan qonaqlar arasında tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri yer alıb.
Gecənin sonunda Amerika istehsalı olan “Materialistlər” adlı komediya filmi nümayiş olunub.
Filmin ssenari müəllifi və rejissoru Selin Sondur. Baş rolları Dakota Conson, Pedro Paskal və Kris Evans canlandırıblar. Filmin məzmununa gəlincə, peşəkar evlilik agenti Lüsi sevgi haqqında hər şeyi bildiyinə əmindir. Qəlbləri ustalıqla birləşdirən Lüsi özü subay qalmağa davam edir. Lakin cazibədar milyonçu Rendi onunla maraqlanmağa başlayanda və keçmiş sevgilisi, yaraşıqlı Con yenidən ortaya çıxanda, Lüsi anlayır ki, əsl sevgi heç bir formul və hesabla ölçülə bilməz.
Filmin yaş həddi 18+ təyin olunub.
Qeyd edək edək, tədbirin təşkilində “7 Gül” gül butiki, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Millennium” dondurmaları, “Balli Bisi” şirniyyat evi, işıq effektləri “ProEvents”, Azərbaycanda ilk orqanik şərab istehsalçısı - “Meysəri” şərabları və Red Bull dəstək göstərib.