Qax rayonunun turizm imkanlarının inkişaf etdirilməsi və dayanıqlı turizm modelinin formalaşdırılması məqsədilə Qax Turizm İnkişaf Planı üzrə işçi qrup əməkdaşlıq və koordinasiya məsələlərini müzakirə etmək üçün görüş keçirib.
"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, görüşdə qurumun, eləcə də Qax Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, agentlik yanında Azərbaycan Turizm Bürosu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri, assosiasiya rəhbərləri, regionda fəaliyyət göstərən turizm sənayesi və rayon bələdiyyələrinin təmsilçiləri iştirak ediblər.
İnfrastrukturun təkmilləşdirilməsi, rəqabətqabiliyyətli turizm məhsulları yaradılması, marketinq və rəqəmsallaşmanın gücləndirilməsi, xidmət səviyyəsinin artırılması və insan resurslarının inkişafı olmaqla, 5 əsas istiqaməti əhatə edən yeni fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, fəaliyyət planı çərçivəsində Qax rayonunun beynəlxalq turizm mərkəzinə çevrilməsi, yerli icmaların sosial və iqtisadi rifahının yaxşılaşdırılması hədəflər sırasındadır. Hədəflərə çatmaq məqsədilə tərəfdaş qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılaraq ilkin razılaşmalar əldə olunub.