İyunun 13-də İrana qarşı hücumların ilk gecəsində həyata keçirilən hava zərbələrində iştirak edən bəzi İsrail qırıcıları Türkiyənin hava məkanını pozub.
Musavat.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin köşə yazarı Hande Fırat öz mənbələrinə istinadən məlumat verib.
Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrini aşkarladıqdan sonra havaya bir neçə "F-16" qaldırıb.
İsrail pilotlarına Türkiyənin hava məkanını dərhal tərk etmək əmri verilib və onlar da bu əmri yerinə yetiriblər.
Şərhçinin qeyd etdiyinə görə, insident qəsdən törədilməyib.
İsrail Hərbi Hava Qüvvələrinin qonşu ölkələrin hava məkanından istifadə etməsinə gəlincə, Fırat bildirib ki, İsrail təyyarələri Suriya və İraq üzərində uçuşlar həyata keçirir.
Onun sözlərinə görə, Suriyada hava hücumundan müdafiə sistemi (HHM) olmadığından, “İsrail tərəfi uçuşlar üçün icazə istəmir”.
İraqın hava məkanı isə “ABŞ-ın nəzarəti altındadır və İsrail üçün açıqdır”.
Qəzet həmçinin bildirir ki, regiondakı gərgin vəziyyətlə əlaqədar olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AWACS tipli erkən xəbərdarlıq təyyarələri hava məkanını daimi nəzarətdə saxlayır. Həmçinin, qırıcı təyyarələr fövqəladə vəziyyətlər üçün daim hazır vəziyyətdə saxlanılır.
Musavat.com