ABŞ prezidenti Donald Tramp Tehran sakinlərini təcili öz şəhərlərini tərk etməyə çağırıb. Trampın bu çağırışının İsrail baş naziri Benyamin Netanyahunun Tehranı vuracaqları xəbərdarlığından sonra gəlməsi diqqətçəkici idi.
Nə baş verir? İsrail İranın paytaxtını vurmağa hazırlaşır?
Siyasi şərhçi Heydər Oğuz açıqlamasında bildirib ki, Netanyahu Tehranı vurmaq niyyətini İran raketlərinin İsraildəki müxtəlif mülki obyektləri hədəfə almasına cavab tədbir kimi təqdim edirdi:
“Təəssüf ki, İsrail bu cavab tədbirinə əl atarsa, müharibənin ən qanlı mərhələsi başlayacaq. Dünənə qədər hərbi obyektlər hədəf kimi seçilirdisə, vəd edilən Tehran bombardmanından sonra mülki obyektlər də vurulmağa başlayacaq. Beləcə yenə mülki vətəndaşlar müharibənin əsas qurbanlarına çevriləcəklər. Yenə də ən ağır zərbə İrana dəyəcək. Çünki İsrailin hava hücumundan müdafiə sistemləri İrandan atılan raketlərin böyük əksəriyyətini zərərsizləşdirəcəyi halda, İran bu imkandan məhrumdur. Odur ki, İran yetkililəri bu ağır nəticələri nəzərə almalı və soyuq ağılla hərəkət etməlidir. Əks halda, kütləvi xalq etirazlarının qarşısında dayanmaq mümkün olmayacaq”.
Heydər Oğuz Trampın Tehran sakinlərini təxliyəyə çağırmasını isə mahiyyət etibarilə II Dünya savaşında yaponların başlatdığı Pörl Harbor hücumu ilə müqayisə edib:
“Son zamanlar dünyanın müxtəlif bölgələrində keçirilən hərbi əməliyyatları tez-tez Pörl Harbor hücumu ilə müqayisə edirlər. İsrailin Hizbullaha qarşı keçirdiyi “Peycer”, Ukraynanın Rusiyaya qarşı “Hörümçək toru” və s. kimi əməliyyatlar da bu qəbildəndir.
Fikrimcə, bu örnəklərdə müqayisələr o qədər də uğurlu deyil. Mənə elə gəlir ki, Pörl Harbor əməliyyatına ən çox bənzəyəni İsrailin İrana son hücumlarıdır”.
H. Oğuz qeyd edib ki, iyunun 13-də başlayıb getdikcə daha ağır nəticələrə gətirib çıxaran İsrail-İran müharibəsi bir çox cəhətdən Pörl Harbor əməliyyatını xatırladır:
“Pörl Harbor hücumu da İsrail-İran savaşı kimi bir gün neçə içində başlayıb tamamlanmış hərbi əməliyyat deyildi. Bu əməliyyat ABŞ-Yaponiya savaşının başlanğıcı sayılır və çox ağır nəticələrlə sonlandı. Bəli, söhbət 1941-ci ilin dekabrında Pörl Harborla başlayıb hardasa 4 il sonra Xirosima və Naqasaki qırğını ilə tamamlanan ABŞ-Yaponiya savaşından gedir. Pörl Harbor hücumu yüzminlərlə insanın həlak olduğu bu savaşın müqəddiməsi idi.
Tehranın atəşə tutulması təhdidi isə Xirosima və Naqasakiyə atom bombalarının atılması hadisəsini xatırladır.
Məlumdur ki, ABŞ II Dünya savaşında məğlub olduğu halda bununla razılaşmayan və hər bir ada uğrunda döyüşlərdə son nəfəsinə qədər döyüşən yapon inadkarlığını ortadan qaldırmaq üçün atom bombalarının öldürücü gücündən istifadə edib.
Təəssüf ki, bu gün İran da eyni yolu tutub və kora – şimala atdığı raketlərlə mülki hədəflərə böyük zərbələr vurur. Nəticədə eynilə HƏMAS kimi İsrailin İran şəhərlərini ağır şəkildə bombardman etməsinə psixoloji və hüquqi əsaslar yaradır. Tramp Tehran sakinlərini öz yurd-yuvalarını tərk etməyə çağırmaqla faktiki son xəbərdarlığını da İran rəsmilərinə çatdırır. Bu isə Tehranı bombalamağa hazırlaşan Netanyahuya açıq dəstək deməkdir”.
Siyasi şərhçinin fikrincə, qeyri-bərabər və nəticəsi əvvəlcədən bəlli olan döyüşlərdə mənasız inadkarlıq əzm və cəsarət deyil, intihardır:
“Ən əsası isə liderlərin bu inadkarlığı təkcə özlərinə yox, həm də idarə etdikləri məmləkətlərə öldürücü zərbələr vurur. Döyüşlərdə qaçılmaz məğlubiyyəti qəbullanmaq isə daha az itki ilə fəlakətdən qurtulmağın ən qısa yolu, bəlkə də hətta lider uzaqgörənliyidir.
Hesab edirəm ki, İran yetkililəri də bu kamilliyi göstərəcək və daha az insan qanı tökülməsinə yol açmadan acı reallıqla razılaşacaqlar”.Musavat.com