AZ

Bəzi avtobuslarda QR ilə ödənişlərdə balansdan beş qəpik artıq gediş haqqı tutulur?

Bakıda 211 və 194 nömrəli marşrut avtobuslarında QR-ödənişləri zamanı, gediş haqqının 55 qəpik olmasına baxmayaraq, 60 qəpik çıxıldığı iddia edilib.

 

Sərnişinlər problemin iyunun 11-də yaşandığını qeyd ediblər.

 

"Çox az hallarda avtobusdan istifadə edirəm. İyunun 11-də 211 və 194 nömrəli marşrut avtobuslarından istifadə etdim. Gediş haqqı həmin marşrutda 55 qəpikdir. QR-ödənişlərdə 55 qəpik seçəndə gediş haqqı qeydə alınmır, yalnız 60 qəpik seçdikdə gediş haqqı təsdiqlənir", - deyə şikayətçi bildirib.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd edilən tarixdə hər iki marşrut avtobusunun ödəmə terminallarının monitorinqi aparılıb:

 

"Araşdırma zamanı iddia təsdiqini tapmayıb. 211 və 194 nömrəli marşrutlar üzrə fəaliyyət göstərən avtobuslarda 55 qəpikdən artıq ödəmə həyata keçirilməyib. Vətəndaşlar belə bir halla üzləşiblərsə, məsələnin araşdırılması üçün AYNA-ya rəsmi qaydada müraciət edə bilərlər".

Tarix: 17 İyun 2025, 12:09   
Seçilən
5
4
pravda.az

5Mənbələr