AZ

Kəşfiyyatın gücü – İsrail Tehranda elitaya casus yeridərkən, Tehran başqa yerlərdə “ocaq” üfürürdü

İsrailin tarixdə analoqu olmayan şəkildə İranın hərbi elitasının mühüm hissəsini bir həmləylə məhv etməsindən sonra yəhudi dövlətinin kəşfiyyatının iqtidarı barədə illərlə səslənən mülahizələr təsdiqlənmiş olub.

Buna qədər hesab olunurdu ki, ABŞ, Rusiya (keçmiş SSRİ), Böyük Britaniya, Fransa, Çin kimi dövlətlərin kəşfiyyat xidmətləri çox güclü və bacarıqlı casuslar şəbəkəsinə malikdir. Bu sırada İsrail də vardı, indi onun kəşfiyyatı artıq bir addım da önə çıxıb.

“İsrail kəşfiyyatı” dedikdə dünyanın hər tərəfində hamının ağlına ilk növbədə “Mossad” gəlir. “Mossad” İsrailin kəşfiyyat xidmətlərindən biridir və əsasən xarici ölkələrdə “işlədiyi” üçün məşhurdur. Yəhudi dövlətində isə təhlükəsizlik və kəşfiyyatla məşğul olan strukturlaar çoxdur. Onlardan birincisi Milli Təhlükəsizlik Şurasıdır. Daha sonra sırada aşağıdakılar var: "Varaş" - xidmət rəhbərləri komitəsi; "Şabak" - əks-kəşfiyyat və terrorla mübarizə idarəsi; "AMAN" - hərbi kəşfiyyat xidməti; "MATAM" - gizli polis xidməti, “MAMAD” - Xarici İşlər Nazirliyinin siyasi araşdırmalar mərkəzi.

Bu xidmətlər koordinasiyalı şəkildə işləyirlər, bir-birini dəstəkləyir, boşluqları qapadırlar.

“Mossad” xaricdəki kəşfiyyat əməliyyatlarına cavabdehdir, həmçinin İsraildən kənarda terrorçuların öldürülməsi əməliyyatları həyata keçirir, birbaşa ölkənin baş nazirinə tabedir, əlinin üstündə əl yoxdur.
“Şabak” daxili təhlükəsizlik və əks-kəşfiyyatla məşğuldur, ölkə daxilində antiterror fəaliyyəti göstərir, ölkənin yüksək vəzifəli şəxslərini qoruyur, İsraildəki əsas hərbi və sənaye obyektlərinin, İsrailin xaricdəki nümayəndəliklərinin və beynəlxalq hava yollarının təhlükəsizliyini təmin edir. O da baş nazirə tabedir.
“AMAN” ərəb ölkələrinin silahlı qüvvələrinin İsrail üçün təhlükə yaradan hissəsində kəşfiyyata cavabdehdir, quru qoşunlarının, hərbi hava qüvvələrinin və donanmanın kəşfiyyatını idarə edir, elektron kəşfiyyat və senzuranı həyata keçirir, düşmənin hərbi obyektlərində təxribat əməliyyatları aparır. Bu təşkilat İsrail ordusunun baş qərargah rəisinin tabeçiliyindədir.

Reuven

                            "Mossad"ın ilk rəhbəri Reuven Şiloax

1948-ci ildə İsrail dövləti qurulanda qurucu lider David Ben Qurionun ilk işi kəşfiyyat xidmətlərini yenidən təşkil etmək olub. Gənc İsrail dövləti kəşfiyyat sahəsinə ciddi diqqət yetirməyə məcbur imiş, çünki bölgədə bir müttəfiqi olmayıb. Dörd bir tərəfi yəhudi dövlətinin yaranmasını qanunsuz sayan ərəb dövlətlərindən ibarət olan İsrail məhz səriştəli kəşfiyyatçıların sayəsində böyük təhlükələrdən qurtulub.

Hazırda İsrailin İranın yüksək ali siyasi və hərbi dairələrində casuslara malik olması müasir insanlarda heyrət doğurur, amma “Mossad” hələ 1960-cı illərdə Suriya dövlətinin rəhbərliyinə öz kəşfiyyatçısını yerləşdirib.

Bu adam Eliyahu Koen adlı şəxs olub. Onun barəsində çox yazılıb, filmlər çəkilib. İndi qısa şəkildə deyək ki, 1924-cü ilin dekabrında Suriyanın Hələb şəhərindən Misirə mühacirət etmiş Mizrahi yəhudilərin ailəsində doğulan Eli Misirdə yaşayarkən İsrail kəşfiyyatına işləməyə başlayıb. Beş dildə (ərəb, ivrit, ingilis, fransız və ispan) sərbəst danışan kəşfiyyatçı Suriyaya yerləşmək üçün öncə Argentinaya gedib, orada özünə “suriyalı ərəb biznesmen Kamil Amin” rəvayəti düzəldib, İsrailin kəşfiyyat xidmətinin verdiyi pulları gen-bol xərcləyərək suriyalı diplomatlarla, sahibkarlarla işgüzar və dostluq əlaqələri qurub. Nəhayət, o, 1962-ci ildə Suriyaya yerləşib və ad-arda dövlət çevrilişlərinə səhnə olan ölkədə öncədən qurduğu dostluq əlaqələri, səxavəti və ünsiyyətcilliyi ilə qabağa gedib.

koenn.jpg

                                                        Eli Koen Dəməşqdə

Şəhərin mərkəzində, ordunun baş qərargahının və prezidentin qonaqları üçün sarayın yaxınlığında mənzil kirayələyən kəşfiyyatçı müxtəlif ölkələrdən Suriyaya səfər edən hərbi ekspertləri görür və onun xarici siyasət əlaqələrinin dinamikası barədə İsrailə hesabat verirdi. Adam siyasi və hərbi rəhbərlikdə o qədər etimad qazanıb ki, Suriya təhlükəsizlik orqanlarının polkovniki rütbəsinə qədər yüksəlib, prezidentin etimadını qazanıb, prezident sarayında sevilən qonaq olub.

Əgər ifşa olunmasa, bəlkə də “gənc və patriot ərəb milyonçu” Suriyanın baş naziri və prezidenti də olacaqmış. Ancaq Suriya əks-kəşfiyyatı SSRİ-dən aldığı əks-kəşfiyyat texnikasından istifadə edərək Elinin göndərdiyi radioötürücüləri aşkarlayıb və 1965-ci il yanvarın 18-də Koenin mənzilinə daxil olaraq onu “iş başında” yaxalayıb.

İsrailin və başqa ölkələrin bütün səylərinə baxmayaraq, Suriya tərəfi Koeni edam edib. Ancaq İsrail iki il sonra məhz Koenin ötürdüyü informasiyaların yardımı ilə “6 günlük müharibə”də qalib gəlib və Suriyaya məxsus Colan təpələrini ələ keçirib.

O vaxtdan bəri, təbii ki, İsrailin kəşfiyyat xidmətləri daha da inkişaf edib, öz casus şəbəkələrini xeyli gücləndirib, ən müasir texniki avadanlıqlarla təmin edib. İsrail kəşfiyyata xərcləmək üçün pula qənaət etmir.

Ümumiyyətlə, hansı dövlət kəşfiyyata çox pul xərcləyirsə, onun müvafiq fəaliyyəti daha uğurlu olur. Qədimlərdən bəri pul çox qapıları açır və bağlayır.

Belə iddialar da var ki, İsrail öz kəşfiyyat xidmətlərinə İranda yaşayan və ümumi sayı 25 min civarında olan yəhudiləri cəlb edir. Amma bu, yanlış qənaətdir. İran kəşfiyyatı, yəqin ki, etnik yəhudilərin hamısını bu və ya digər şəkildə nəzarətdə saxlayır. Böyük ehtimalla İsrail kəşfiyyatına böyük pullar müqabilində yardım göstərən, hərbi sirləri satan şəxslər yəhudi və ya başqa millətdən deyillər, məhz özlərini “İranın sahibi” sayan və “etibarlı şəxslər” kimi hərbi-siyasi elitada təmsil olunan şəxslərdir.

Bir sözlə, İsrailin “raket savaşı”nda özünə sərfəli nəticələr əldə etməsi böyük ölçüdə İsrailin kəşfiyyat xidmətlərinin işinin nəticəsidir.

İran yaxın qonşu və müsəlman ölkələrində böyük casuslar şəbəkəsi saxlamaq, bəsləmək, “ocaqlar” qalayıb, üfürmək əvəzinə İsrailə qarşı işləsəydi, bu günə qalmazdı.

Araz Altaylı, Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr