AZ

Çin xam neft ehtiyatlarını artırır

Finss.az  - Çin may ayında xam neft ehtiyatlarını artırmaqla yanaşı, emal həcmini azaldıb.

Reuters-in məlumatına görə, bu, dünyanın ən böyük neft idxalçısının yaxın aylarda qiymət artımına baxmayaraq, neft alışlarını məhdudlaşdırmaq potensialına malik olduğunu göstərir.

Rəsmi statistikaya əsasən, mayda Çin neft emalı zavodları gündəlik 13,92 milyon barrel neft emal edib ki, bu göstərici apreldəki 14,12 milyon barrel səviyyəsindən aşağıdır. Həmçinin illik müqayisədə 1,8% azalma müşahidə olunur. Eyni zamanda, neft idxalı mayda gündəlik 10,97 milyon barrel təşkil edib və bu, apreldəki 11,69 milyon barrel səviyyəsindən azdır. Daxili neft istehsalı isə mayda bir qədər artaraq 4,35 milyon barrelə çatıb.

Nəticədə, Çin may ayında gündəlik 1,4 milyon barrel profisitlə üçüncü ay ardıcıl olaraq ehtiyatlarını artırıb. Bu da göstərir ki, idxal və daxili istehsal nəticəsində əldə olunan neft həcmi emaldan daha çoxdur.

Neft qiymətləri 13 iyun tarixindən İsrailin İrana qarşı başladığı aviazərbələr və Tehran tərəfdən cavab tədbirləri fonunda kəskin artaraq Brent markası üzrə barrel başına təxminən 6% bahalaşaraq 73 dollar səviyyəsinə yüksəlib. Lakin Çinin emalı azaltması və idxalı məhdudlaşdırması dünya bazarlarında qiymətlərə təzyiqi azalda bilər.

Çin neft sektorunda əvvəlki qiymət artımlarında idxalı azaldaraq ehtiyatlardan istifadə etmiş və bu dəfə də həmin strategiyanı davam etdirir. İdxal azalmasının bazarda iyul-avqust aylarında daha aydın görünəcəyi gözlənilir.

Neft bazarındakı bu dinamika yaxın perspektivdə dünya enerji bazarlarının istiqamətini müəyyən edəcək. Çin isə strateji və kommersiya ehtiyatlarını artırmaqla qiymətlərin yüksəlməsinə qarşı öz müdafiə mexanizmini gücləndirir.

Seçilən
4
fins.az

1Mənbələr