AZ

“Təbriz və ətrafı İsrail üçün strateji hədəfə çevrilib” Oqtay Qasımov

Cənubi Azərbaycanın, xüsusilə Təbriz və ətraf bölgələrin İran üçün həm hərbi, həm də strateji baxımdan əhəmiyyət daşıdığı bir daha sübut olunur.

Bu sözləri politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran–İsrail qarşıdurması zamanı yalnız Təbriz ətrafındakı obyektlər deyil, Ərdəbil yaxınlığında yerləşən radar sistemi də atəşə tutulub və sıradan çıxarılıb:
“Təbriz İran üçün Tehrandan sonra ən önəmli sənaye və strateji mərkəzlərdən biridir. Həm coğrafi mövqeyinə, həm də hərbi baxımdan önəmlidir. İsrailə nisbətən daha yaxın məsafədə yerləşdiyinə görə bu bölgə hədəfə çevrilmək ehtimalı yüksəkdir. Təbii ki, Azərbaycan dövləti və cəmiyyətimiz bu ərazilərdə baş verən hadisələrə xüsusi həssaslıqla yanaşır.”

Politoloq əlavə edib ki, İran rejimi illərdir Cənubi Azərbaycan ərazilərində hərbi və təhlükəsizlik strukturlarını gücləndirməklə həm regional gücünü artırmağa çalışır, həm də bu bölgədəki soydaşlarımızı riskli vəziyyətə salır:

“Vaxtilə həmin ərazilərdə hərbi obyektlərin yerləşdirilməsi təsadüfi deyildi. Bu gün bölgədə baş verənlər bir daha göstərir ki, İran rejimi gələcək toqquşmalarda bu əraziləri ‘qalxan’ kimi istifadə etməyə çalışa bilər. Bu isə birbaşa Cənubi Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyini risk altına qoyur.”

Qasımov vurğulayıb ki, regionda baş verənlər yalnız İran və İsrail arasında deyil, eyni zamanda bölgədə yaşayan milyonlarla insanın taleyinə təsir edir. Bu səbəbdən baş verən proseslərə siyasi, humanitar və milli maraqlar kontekstindən yanaşmaq vacibdir.

Seçilən
2
news365.az

1Mənbələr