Bakı, 17 iyun, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Nimitz” aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu təcili olaraq Cənubi Çin dənizindən Yaxın Şərqə göndərilib.
AZƏRTAC xəbər verir ki, “Fox News” telekanalı bu barədə amerikalı hərbi mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, “USS Nimitz” aviadaşıyıcısı bu gün səhər saatlarında Cənubi Çin dənizini tərk edərək Ərəb dənizinə yollanıb.
İsrailin İrana hücumları və Tehranın dörd gündür davam edən cavab zərbələri fonunda Birləşmiş Ştatlar hərbi resurslarını, o cümlədən gəmiləri Yaxın Şərq regionuna toplayır. “USS Carl Vinson” aviadaşıyıcı gəmisinin başçılıq etdiyi zərbə qrupu bir müddət öncə Ərəb dənizinə çatıb.
ABŞ rəsmilərinin məlumatına görə, Birləşmiş Ştatların hava hücumundan müdafiə sistemləri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrandan buraxılan ballistik raketləri vurmaq üçün İsrailə yardım edir.
Pentaqon Yaxın Şərqdə “Patriot” və THAAD raketdən müdafiə sistemlərinə malikdir. Birləşmiş Ştatlar, həmçinin ballistik raket daşıya bilən “USS Thomas Hudner” esminesini Aralıq dənizinin şərqinə yerləşdirib. Eyni zamanda, ABŞ qırıcıları personalın və obyektlərin müdafiəsi üçün Yaxın Şərq səmasında patrul həyata keçirir və regiondakı hərbi hava bazaları əlavə ehtiyat tədbirləri görür.
ABŞ rəsmilərindən birinin “Associated Press” agentliyinə verdiyi məlumata görə, hazırda Yaxın Şərqdə təxminən 40 min amerikalı hərbçi var.