AZ

Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlər keçirilib

Naxçıvan, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində tədbir keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq münasibətləri barədə ətraflı məlumat verib. O, bu əməkdaşlıq çərçivəsində “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlərdən danışaraq, onların dövlət maliyyə nəzarətinin gücləndirilməsi və kadr hazırlığının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Vüqar Gülməmmədov təlimdə yüksək fəallıq göstərmiş tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişdirilməsinin Palatanın hədəflərindən biri olduğunu bildirib. Eyni zamanda, tələbələrə elmi fəaliyyətlərində və gələcək karyeralarında uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək, Hesablama Palatası ilə əməkdaşlığın universitet üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Elbrus İsayev təlim proqramlarının tələbələrin peşəkar bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib.

Rektor, eləcə də universitetin bakalavriat və magistratura təhsil səviyyəsində təhsil alan mühasibat uçotu və audit, maliyyə və digər bu kimi profilli ixtisaslardan olan tələbələrin cəlb edildiyi təlim proqramını muxtar respublikanın kadr ehtiyaclarının qarşılanması prosesinə müsbət təşəbbüs kimi dəyərləndirib. Tədbir zamanı “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlim proqramının əsas istiqamətləri və nəticələri barədə ümumi təqdimat da nümayiş etdirilib.

Təqdimatda təlimlərin məqsədi, proqramın strukturu və əhatə etdiyi mövzular barədə geniş məlumat verilib. Bildirilib ki, ümumilikdə üç aylıq müddəti əhatə edən təlimlərdə universitetin 22 tələbəsi iştirak edib və onların nəticələri qiymətləndirilib. Qiymətləndirmə prosesi bir neçə mərhələdə həyata keçirilib, ilkin mərhələdə test, sonra yazılı imtahan, daha sonra isə müsahibələr təşkil olunub.

Sonra Naxçıvan Dövlət Universiteti tərəfindən təlimin təşkilində göstərdikləri dəstəyə görə Hesablama Palatası nümayəndələrinə təşəkkürnamələr, plaketlər və hədiyyələr təqdim edilib.

Sonda təlim proqramını uğurla başa vuran tələbələrə nəticələrinə uyğun sertifikatlar təqdim olunub.

Tədbir Naxçıvan Dövlət Universitetin Konservatoriyasının Kamera Orkestrinin ifasında konsert proqramı ilə davam edib.

 

 

Seçilən
11
3
azertag.az

4Mənbələr