ain.az bildirir, Kulis.az portalına istinadən.
Kulis.az Günel Natiqin yeni yazısını təqdim edir.
O gün təhsili olmayan əczaçının verdiyi maqnezium preparatını qaytarmaq üçün aptekə getdim. Demək, mən böyük kapsulları uda bilmirəm və bu tərkibdə kiçik olan varmı deyə soruşmuşdum. O da “Var” deyə başqa preparat vermişdi.
Həkimə bu haqda yazanda o dedi ki, içmə, bu, başqa dərmandır. Hətta süni intellektə də yazmışdım, o da eyni fikri dedi.
Verilən preparatın qiyməti 30 manat idi. Sabahı gün həmin aptekə getdim ki, dərmanı qaytarım. "Əczaçı"ya dedim:
– Siz yəqin bu sahədə təhsil almamısız, çünki mənə yanlış dərman vermisiz.
Qızardı. İddia etdi ki, düz vermişəm.
– Bu başqa preparatdır, həkim belə deyir,- dedim.
Elə bil üstünə qaynar su tökdülər! Həqiqətən, cahil insan özündən çox əmin olur. Dedi:
– Bu dəqiqə həkimin nömrəsini verin, özüm danışım.
Dedim:
– Mən həkimimə özüm yazmağa, narahat etməyə utanıram, sizi onunla necə danışdırım?
Yenə dedi ki, səhv preparat deyil. Reseptdəki dərmanla verdiyi dərmanı yanaşı qoyub göstərdi:
– Bax, bu da maqnezium, o da. Hər ikisində B6 var!
Təsəvvür edin, aptekdə çalışan bir şəxs bilmir ki, iki dərmanın tərkibində eyni maddənin olması, onların tam eyni olması demək deyil. Miqdarı var, əlavə maddələr var və s.
Sakitcə dedim:
– Aydın görünür ki, sizin ali təhsiliniz yoxdur. Mənim bacım qızı bu ixtisasa yiyələnmək üçün beş il oxuyub. Sizsə üçaylıq kursu bitirib insanların sağlamlığı ilə oynayırsız.
"Əczaçı" daha da qəzəbləndi, başladı özünü haqlı çıxarmağa. Amma ali təhsilli olduğunu deməyə cəsarəti çatmadı. Dedi:
- Dərmanın pulunu qaytaracam, amma siz özünüz dediniz ki, uda bilmirsiz, mən də bunu verdim.
Dedim:
– Bəli, dedim uda bilmirəm. Amma demədim ki, mənə tamamilə fərqli bir dərman verin.
– Eyni tərkibdir! - deyə təkid etdi.
Dedim:
– Məsələ də elə bundadır ki, eyni deyil!
Və "əczaçı" nə dəsə yaxşıdır?
– Sizin səsinizi qoyacağam, qulaq asın ki, siz nə demisiniz!
– Nə demişəm?
– Dediniz ki, uda bilmirəm, mənə balaca dərman ver!
Dedim:
– Daha sizə sözüm yoxdur. Bu söhbət faydasızdır, dərmanın pulunu qaytarın, gedim.
Evə gələndən sonra iki preparatın fərqi haqqında bacım qızından da soruşdum. Cavabı belə oldu:
– Hər iki preparatda maqnezium var, amma miqdarları fərqlidir. Üstəlik, əlavə fərqli komponentlər də var.
Buyurun, daha nə demək olar?
Romada “Azərbaycan tarının sehrli gecəsi”
İlham Əsgərov: "Dünyanın ən böyük teatrları ilə əməkdaşlıq edəcəyik"
Məşhur aktyor vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.