AZ

"G7 sammiti Orta Şərqlə bağlı gözlənilməz bəyanatla çıxış edib" - "Deutshe Welle"

 
"İran "əsas təhlükə" adlandırıldı, İsrailə isə tənqid yönəlmədi..."
 
G7 ölkələrinin liderləri Yaxın Şərqdəki son hadisələrlə bağlı birgə bəyanatla çıxış edib. Sənəddə İran "bölgədə sabitliyi pozan və terrorun əsas mənbəyi" kimi təqdim olunur. İsrailin İran əleyhinə hərbi əməliyyatlarına isə sənəddə birbaşa tənqid yönəlməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
ABŞ prezidenti Donald Tramp və digər G7 liderləri Yaxın Şərqdəki böhranla bağlı birgə bəyanatın mətni üzərində razılığa gəlib. Bəyanat 16 iyun bazar ertəsi gecə saatlarında, sammitin təşkilatçısı olan Kanada tərəfindən dərc olunub.
 
G7 ölkələri İsrailin özünü müdafiə hüququnu tanıyıb və İranın heç bir halda nüvə silahı əldə etməsinə imkan verilməməli olduğunu vurğulayıb. Açıqlama Trampın Yaxın Şərqdəki gərginlik səbəbilə sammitin ikinci günündə iştirakdan imtina edib Vaşinqtona qayıdacağını açıqlamasından bir neçə saat sonra verilib.
 
Tramp Makronu yalançılıqda ittiham etdi
 
Donald Tramp "Truth Social" platformasında yazıb ki, Fransa prezidenti Emmanuel Makronun dediyi kimi onun Vaşinqtona qayıtmasının səbəbi İsraillə İran arasında "atəşkəs" deyil. Tramp bu iddianı "tamamilə yalan" adlandırıb və "Makron heç nə anlamır" deyə bildirib. Onun sözlərinə görə, Vaşinqtona dönüşünün səbəbi "daha vacib bir məsələdir".
 
İsrailə qarşı tənqid yoxdur
 
G7 liderlərinin bəyanatında İsrailin hərbi əməliyyatlarına birbaşa tənqid yoxdur. Sadəcə, mülki əhalinin qorunmasının vacibliyi qeyd olunur və vurğulanır ki, İranla bağlı böhranın həlli regionda gərginliyin ümumi azalmasına, o cümlədən Qəzza bölgəsində atəşkəsə kömək etməlidir. G7 həmçinin bildirib ki, münaqişənin beynəlxalq enerji bazarlarına təsirini diqqətlə izləyəcək və lazım gəldikdə müttəfiqlərlə birlikdə koordinasiyalı tədbirlər görəcək.
 
Tramp: Tehran danışıqlara hazırdır
 
Tramp daha öncə bəyan edib ki, İran danışıqlara başlamağa hazırdır və sammitdən qayıtdıqdan sonra bu məsələyə baxacaq. Lakin bunun fonunda ABŞ-ın hərbi münaqişəyə birbaşa qarışacağı qorxusu da artır, bu isə yeni gərginlik dalğası yarada bilər.
 
Bu bəyanat G7-yə hazırda sədrlik edən Kanada üçün azsaylı uğurlardan biri hesab olunur. Ticarət, iqlim, Ukrayna müharibəsi və inkişaf kimi digər əsas mövzularda ümumi mövqe əldə olunmayıb. Trampın əvvəlki G7 kursu ilə razılaşmaması buna səbəb göstərilir. Elə buna görə də Kanada yekun bəyanat hazırlamaqdan imtina edib.
 
Yeni müharibə dalğası
 
İyunun 13-dən etibarən İsrail İranda müxtəlif hədəflərə - nüvə obyektləri, yüksək rütbəli hərbçilər, nüvə alimləri, hərbi bazalar, silah anbarları, neft və qaz yataqlarına dağıdıcı zərbələr endirir. Rəsmi Tel-Əvivə görə, bu əməliyyatların əsas məqsədi İranın gizli nüvə silahı istehsalının qarşısını almaqdır. İran da cavab zərbələri ilə İsraili hədəfə alır.
 
İsrail və İran arasındakı hərbi toqquşmalar Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da dərinləşdirib. Qeyd edək ki, 2023-cü ilin oktyabrından bəri İsrail Qəzza bölgəsində HƏMAS-a qarşı hərbi əməliyyatlar aparır. Ekspertlərin fikrincə, İranla İsrail arasındakı qarşıdurma regionda genişmiqyaslı müharibəyə çevrilə bilər.
Seçilən
10
moderator.az

1Mənbələr