AZ

Atəşlə sükut arasında: İsrail İran münaqişəsində insanlıq və hüquq

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illərdə beynəlxalq münasibətlər sistemində güc mərkəzlərinin dəyişməsi və regional münaqişələrin dərinləşməsi dövlətlərarası silahlı toqquşmaların daha da intensivləşməsinə səbəb olub. Xüsusilə Yaxın Şərq regionunda müşahidə edilən geosiyasi gərginlik, konkret olaraq İsrail və İran arasındakı münasibətlərdə qarşıdurma ehtimalını daha da artırıb.

Bu münaqişə kontekstində beynəlxalq hüququn əsas prinsipləri - güc tətbiqinə qadağa, dövlətlərin suverenliyinə hörmət və mülki şəxslərin mühafizəsi ciddi şəkildə pozulma riski ilə üz-üzədir.

Baş verən qarşılıqlı hərbi əməliyyatlar çərçivəsində, xüsusilə mülki infrastruktur obyektlərinə, informasiya vasitələrinə və strateji əhəmiyyətli nüvə obyektlərinə yönəlmiş hücumlar beynəlxalq hüquqi müstəvidə ciddi suallar doğurmuş və beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub.

Sual yaranır: Son günlərdə İsrail və İran arasında baş verən hərbi qarşıdurmalar fonunda xüsusilə mülki obyektlərin, o cümlədən, media qurumlarının və nüvə obyektlərinin hədəfə alınması beynəlxalq humanitar hüquqa əsasən necə qiymətləndirilə bilər? Bu kontekstdə BMT Nizamnaməsinin 2(4) maddəsi və Cenevrə Konvensiyalarının müvafiq müddəaları baxımından hər iki tərəfin məsuliyyəti barədə hüquqi qiymətləndirmə təqdim edə bilərsinizmi? Həmçinin, belə bir vəziyyətdə beynəlxalq hüquqa görə zərər çəkmiş mülki şəxslərin hüquqlarını müdafiə etmək və ya kompensasiya tələb etmək imkanları varmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, İsrail və İran arasında son günlərdə baş verən hərbi qarşıdurmalar beynəlxalq hüququn əsas prinsipləri baxımından ciddi narahatlıq doğurur:

"Bu kontekstdə BMT Nizamnaməsinin 2(4)-cü maddəsi dövlətlərə qarşı güc tətbiqini və ya güclə hədələməyi qadağan edir. Hər iki dövlətin bir-birinin ərazisinə qarşı hərbi əməliyyatlar həyata keçirməsi bu maddənin pozulması kimi qiymətləndirilə bilər. Güc tətbiqinin qanuniliyini yalnız BMT Təhlükəsizlik Şurasının qərarı və ya özünümüdafiə hüququ əsaslandıra bilər. Lakin mülki obyektlərə və infrastruktura edilən hücumlar beynəlxalq humanitar hüquq çərçivəsində daha da problematik sayılır. Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları mülki şəxslərin və mülki obyektlərin qorunmasını təmin edir. Xüsusilə 1949-cu il IV Cenevrə Konvensiyası müharibə zamanı mülki əhalinin qorunmasını prioritet kimi müəyyən edir. Hücum edilən obyektlər arasında media qurumlarının və enerji infrastrukturlarının yer alması bu prinsiplərin pozulmasına dəlalət edir. Media obyektləri, əgər birbaşa hərbi məqsəd daşımırsa, qorunmalıdır. Nüvə obyektlərinin hədəf alınması isə əlavə risklər yaradır və regional təhlükəsizliyə ciddi təhdiddir".

Hüquqşünas əlavə edib ki, beynəlxalq humanitar hüquqa görə fərqləndirmə, mütənasiblik və zərurət prinsipləri münaqişə zamanı hərbi əməliyyatların aparılmasında əsas meyarlardır. Bu prinsiplərin pozulması, xüsusilə mülki itkilərin qarşısının alınmaması, müharibə cinayəti kimi qiymətləndirilə bilər. Hücumların məqsədyönlü şəkildə mülki əhalini və onların dolanışıq vasitələrini hədəf alması əlavə hüquqi məsuliyyət doğura bilər:

"Hər iki tərəf BMT və digər beynəlxalq qurumlar qarşısında məsuliyyət daşıyır. Mülki şəxslərə qarşı törədilən hüquq pozuntuları fərdi və dövlət səviyyəsində məsuliyyət yaradır. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu cür hallar üzrə istintaq apara bilər, əgər yurisdiksiyası tanınırsa. Mülki şəxslərin zərər çəkməsi halında onların hüquqlarını müdafiə etmək imkanları beynəlxalq mexanizmlərlə mövcuddur. Zərər çəkmiş şəxslər üçün BMT İnsan Hüquqları Komitəsi, BCM və digər mexanizmlərə müraciət imkanı nəzərdə tutulur".

Rüstəm Əzimzadə: BMT TŞ-nin bu kimi hallara laqeyd yanaşması yeni hüquq pozuntularını təşviq edə bilər

Müsahibimizin sözlərinə görə, dövlətlər həm də zərər vurduqları üçün beynəlxalq məsuliyyət daşıyırlar. Bu məsuliyyət ziyanın aradan qaldırılması və kompensasiya öhdəliyini əhatə edir. Beynəlxalq hüquqa əsasən, qanunsuz güc tətbiqi və ya BHH-nın pozulması nəticəsində vurulan zərərə görə təzminat tələb oluna bilər. Kompensasiya iddiaları dövlətlərarası diplomatik kanallarla və ya beynəlxalq məhkəmələr vasitəsilə qaldırıla bilər. Eyni zamanda, bu cür qarşıdurmalar regional və qlobal sabitliyə mənfi təsir göstərir:

"Beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının bu kimi hallara laqeyd yanaşması yeni hüquq pozuntularını təşviq edə bilər. Hüquq qaydalarına əsaslanan beynəlxalq sistemin qorunması üçün beynəlxalq reaksiyanın ardıcıl və prinsipial olması vacibdir. Hücumların legitimliyinə dair hər hansı arqument, əgər o, beynəlxalq hüquq normalarına əsaslanmırsa, hüquqi cəhətdən qəbulolunmazdır. Mülki əhalinin və obyektlərin hədəf alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Belə hallarda təcili və səmərəli araşdırmalar aparılmalı və məsul şəxslər hüquqi cavabdehlik daşımalıdır",- Rüstəm Əzimzadə fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr