AZ

Dövlət orqanları arasında sənəd mübadiləsinin elektronlaşdırılması ilə bağlı bəzi fərmanlar dəyişir

Prezident İlham Əliyev "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli 2279 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
 
Moderator.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486 (Cild I); 2024, № 5 (I kitab), maddə 516, № 8, maddə 936) ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"ın 154-cü bəndindən "və "İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə"yə" sözləri çıxarılır.
 
Beləliklə, elektron sənədin mühafizəsi bundan sonra "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin edilir.
 
Həmçinin "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 844 (Cild I) 1-ci hissəsi ləğv edilir.
 
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1794 (Cild I); 2024, № 5 (I kitab), maddələr 516, 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə"nin 3.0.24-cü yarımbəndində "idarələrarası elektron sənəd dövriyyəsi sisteminin" sözləri "Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminin" sözləri ilə əvəz edilir.
 
"Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2014 (Cild I) 3.2-ci bəndi və 7-ci hissəsi ləğv edilir.
Seçilən
8
moderator.az

1Mənbələr