Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar.
Bu barədə AZƏRTAC-a Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, 15 İyun - Milli Qurtuluş Günü və Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təbriklərini çatdıran səfir Birol Akgün Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə diqqət çəkib. Ali diplomatik təmsilçi hər iki ölkənin media əməkdaşlığının dərinləşdirilməsi istiqamətindəki planlar barədə də məlumat verib.
Mətbuat Şurasının sədri Rəşad Məcid görüşün faydalı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacağına əminliyini vurğulayıb. Şura sədri, həmçinin Milli Qurtuluş Gününün xalqımızın taleyindəki rolundan, Şuşa Bəyannaməsinin gələcək onilliklər üçün yol xəritəsini müəyyən edən müstəsna sənəd kimi əhəmiyyətindən söz açıb, Azərbaycan və Türkiyənin media həmrəyliyinin möhkəmləndirilməsinin vacibliyinə toxunub.
İdarə Heyətinin üzvləri Azərbaycanın və Türkiyənin media gündəminə dair spesifik məqamlarla bağlı fikirlərini açıqlayıb, suallarını ünvanlayıblar. Xüsusən, Türkiyənin bəzi media orqanlarında iki qardaş ölkə arasında etimada xələl gətirməyə hesablanmış yazıların yolverilməzliyi vurğulanıb, belə hallara qarşı birgə mübarizənin vacibliyindən bəhs olunub.
Görüşdə əməkdaşlığın perspektivləri, o cümlədən informasiya mübadiləsinin daha da gücləndirilməsi yolları və mövcud istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan gələcək fəaliyyət müzakirə edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.