Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
G-7: İran heç vaxt nüvə silahına malik olmayacaq
Kanadada görüşən G-7 liderləri Yaxın Şərqdə sülh və sabitliyə sadiqliklərini təsdiqləyərək “İran heç vaxt nüvə silahına malik olmayacaq”, - deyiblər. ABŞ, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Kanada Yaxın Şərqdə gərginliyin artması ilə bağlı birgə bəyanat yayıb. Məlumatı “Anadolu” verib.
Bəyanatda deyilir ki, İran regionda qeyri-sabitlik mənbəyidir: “Biz İranın heç vaxt nüvə silahı əldə etməyəcəyini açıq şəkildə bildirdik”.
G-7 liderləri mülki insanları qorumaq və regionda sülh və təhlükəsizliyi təşviq etmək öhdəliyini təsdiqləyiblər: “İran böhranının həlli Yaxın Şərqdə gərginliyin azalmasına və Qəzza zolağında atəşkəsə gətirib çıxarmalıdır”, - bəyanatda deyilir.
Münaqişə İsrailin İrana kütləvi zərbələri ilə başlayıb. İyunun 13-də İsrail İranın nüvə obyektlərinə və yüksək rütbəli hərbi rəhbərliyinə qarşı irimiqyaslı zərbələr endirib. Hücumlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, bir neçə yüksək rütbəli hərbçi və 9 iranlı nüvə mütəxəssisi həlak olub. Mülki ölənlərin ümumi sayı 224-ə çatıb.
Buna cavab olaraq İran İsrail ərazisinə ballistik raket zərbəsi endirib. Rəsmi məlumatlara görə, hücum nəticəsində 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
Türkiyə də daxil olmaqla bir sıra ölkələr İsrailin hərəkətlərini kəskin şəkildə pisləyib.
P.ƏMİRCANOV
XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.