AZ

Netanyahu: "İsrailin hədəfində daha bir neçə iranlı alim var"

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib.

Hurriyyet.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə hökumət başçısı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır, çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır.

"Hər şeydən əvvəl, İranın nüvə silahı İsrail üçün ən böyük ekzistensial təhdiddir", - deyə o bildirib.

Netanyahu bəyan edib ki, İsrail Müdafiə Ordusu (SAXAL) İran üçün kütləvi qırğın silahları hazırlayan 10 iranlı alimi öldürüb. Lakin İsrailin yeni hədəf kimi müəyyən etdiyi daha bir neçə nəfər var.

O həmçinin vurğulayıb ki, İsrail mülki əhali arasında itkiləri minimuma endirmək üçün SAXAL-ın əməliyyatları barədə İran əhalisini xəbərdar edir.

"Biz əlimizdən gələni edirik, hətta hədəflər yaşayış məntəqələrinin mərkəzində, o cümlədən Tehranda yerləşdirilsə, belə. Biz əhalinin təxliyəsinə çağırırıq və onlar mövqeləri tərk edirlər", - deyə baş nazir bildirib.

İsrailin hökumət başçısı, həmçinin bəyan edib ki, məhv etdikləri bəzi hədəflər barədə hələ elan edilməyib.

"Biz onların radarlarını, mənzil-qərargahlarını, radiostansiyalarını və tezliklə eşidəcəyiniz digər hədəfləri vururuq", - o əlavə edib.

Seçilən
0
13
hurriyyet.az

10Mənbələr