AZ

Səməd Seyidov: "Azərbaycan insanları bombalardan belə xilas edir" - MÜSAHİBƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Səməd müəllim, Cənubi Qafqazda və qlobal müstəvidə Azərbaycanın sərgilədiyi mövqeni necə şərh etmək olar? Hazırda İsrail-İran qarşıdurması fonunda Bakının davranışları daha çox hansı aspektlərdə diqqəti çəkir?
 
- Bu gün Azərbaycanın həyata keçirdiyi siyasət dünya üçün xilas yoluna çevrilir. Müxtəlif ölkələrin vətəndaşları məhz Azərbaycan tərəfindən bombaların altından xilas edilərək, öz ərazimizdən evlərinə göndərilir. Rəsmi Bakının apardığı siyasət imkan verir ki, bu regionda sülh və sabitlik olsun. Bölgədən keçən təyyarələrin marşrutuna baxsaq görərik ki, Azərbaycanın üzərindən bütün uçuşlar tam təhlükəsiz formada həyata keçirilir. Bu təyyarələr nə İrandan, nə də Rusiya ərazisindən keçə bilir. Təyyarələr məhz Azərbaycandan Asiyaya və geriyə rahat və təhlükəsiz formada qayıdır. Sözsüz ki, bunun çox ciddi nəticələri var. İndi beynəlxalq münasibətlər dəyişib, mövcud olan qlobal sistem artıq çöküb. Bunu biz sağda-solda, şimalda-cənubda atılan bombaların səsindən daha aydın şəkildə eşidirik.
 
 
- Keçmiş qlobal sistem dedikdə nəyi nəzərdə tutursunuz?
 
- Əslində bu sual çox sadə bir cavaba malikdir. Böyük və kiçik dövlətlərin potensialı, maraqları, istəkləri, təsir imkanlarının fərqli olmasına baxmayaraq, II Dünya müharibəsindən sonra süni bərabərləşdirmə aparmaq istədilər. Bu bərabərləşdirmə bir müddət davam etdi. Bundan sonra böyük dövlətlər öz maraqlarını təmin etmək üçün bu sistemi qoruyub saxlamaq naminə ikili standartlardan istifadə etməyə başladılar. Yəni formal olaraq sistemi saxlayıb, reallıqda isə tamamilə fərqli siyasət həyata keçirdilər. Amma bu sistem hamımızın gördüyü kimi uzun çəkmədi. Beləliklə, sistem dağılmağa başladı və hər bir ölkənin öz dəyəri, əhəmiyyəti, gücü, təsir imkanları, digər məsələlər gündəmə gəldi. Kim nəyə qadirdirsə, ölkəsini müdafiə etmək imkanına malikdirsə, dürüst siyasət aparırsa, milli maraqlarını qoruyub saxlaya bilirsə, nəyi və necə etməyi bilirsə, o da müasir dünyada daha yüksək səviyyədə, normal vəziyyətdə olur.
 
 
- Sizcə, indi regional və qlobal miqyasda baş verənlər nəyin nəticəsidir? Baş verənlər fonunda Azərbaycanın rolu və yeri necə görünür?
 
- İndi gördüyümüz mənzərə faktiki olaraq, iddiada olan, ancaq buna malik olmayan ölkələrin iflasıdır. Azərbaycan isə bu nöqteyi-nəzərdə öz iddiası, imkanı, gücü və təsirləri, atdığı addımları ilə vəhdət təşkil edən nadir ölkələrdən biridir. Cənubi Qafqazda yeni bir reallıq yaratdıqdan sonra Azərbaycan sözünün, əməlinin arxasında dayana bilir. Ölkəmiz nəyə qadirdirsə, onu da nümayiş etdirir. Bu məsələdə ölkəmiz heç bir halda ağlasığmaz ambissiyaları ortaya qoymur. Bununla belə dövlətimiz öz milli maraqlarını kiminsə marağına qurban vermir. Reallığı əks etdirən bu siyasət, sülh naminə beynəlxalq qanun çərçivəsində, ikili standartlardan tamamilə kənardır. Bu, eyni zamanda dünyanın biabırçılıqlarını üzə çıxarıb onu tənqid etmək qabiliyyətidir. Həmin uğurlu siyasətin bəhrəsini isə hamı görür. Söhbət yalnız sabitlikdən getmir. Azərbaycanda dünyanı gələcəkdə hansı üsullarla, hansı istiqamətdə və metodlarla idarə etmək prinsipləri günbəgün formalaşır və yüksək formada tətbiq edilir. Ölkəmiz bu gün fərqli bir dövlətdir. Bu isə dünyada formalaşan yeni beynəlxalq münasibətlər sisteminin faktiki olaraq, əsasını, bünövrəsini təşkil edən siyasətdir.
Seçilən
4
1
moderator.az

2Mənbələr