Xəbər verdiyimiz kimi, iyunun 13-də İsrailin İrana qarşı həyata keçirdiyi “Yüksələn aslan” hücumu və İranın cavab tədbirləri ilə başlayan müharibə beşinci günündə də davam edir.
Bəs, bu qarşıdurmanın Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bu münaqişənin ölkəmizə təsirləri çoxşaxəlidir:
“Bu prosesin onlarla neqativ, yalnız bir müsbət təsiri var ki, o da neftin qiymətinin artmasıdır. Neqativ təsirlər isə iki yerə bölünür: faktiki və potensial.
İran bizim üçün tranzit baxımından önəmli ölkədir və bu sahədə ciddi çətinliklər yarana bilər. İran üzərindən kim nə alırdı və ya gətirirdisə, həmin şəxslər problemlər, xərclərin artması və gecikmələrlə qarşılaşa bilərlər.
Eyni zamanda, biz Türkiyə və Naxçıvanla olan əlaqələrimizin bir hissəsini İran üzərindən həyata keçiririk, Şərq ölkələri ilə ticarət əlaqələrimizi əsasən Bəndər Abbas limanı vasitəsilə qurmuşuq. İranda baş verən bu cür hadisələr tranzit baxımından sahibkarların idxal xərclərini artıracaq”.
X.Kərimli əlavə edib ki, idxal strukturunda İranın mühüm yeri var:
“Biz İrandan həm qida, həm də qeyri-qida məhsulları idxal edirik. Bu cür vəziyyət dəyər zəncirinin qırılmasına, bu da öz növbəsində sahibkarlar və daxili bazar üçün müəyyən problemlər yarada bilər. Həmçinin, İrandan daha münasib qiymətə gətirilən məhsulların bazara daxil olmaması qiymətlərə birbaşa təsir göstərə bilər”.
İqtisadçı qeyd edib ki, bu hələ prosesin başlanğıcıdır və əgər müharibə genişlənərək Fars körfəzinə sıçrasa, daha ciddi iqtisadi problemlər ortaya çıxa bilər.
Günel Məlikzadə